Bu Blogda Ara

24 Haziran 2016 Cuma

Haradan və niyə gəlmşik? Hara gedirik?

   İnsan...Bu sirli,sehirli aləmin məxluqu.Dünyaya gəlişindən- körpəliyindən tutmuş, ta ömrünün ixtiyar çağlarına kimi həyatın keşməkeşli,acılı- şirinli yollarıyla irəliləyən,gah yıxılıb,gah qalxan, gah sevinib- gülən,gah da kədələnən,ağlayan insan...Kiçik,zəif ikən böyük,güclü olan, sonra yenidən kiçlib zəifləyərək daim köməyə ehtiyacı olan...Daha sonra isə dünyaya göz açıb gəldiyi kimi gözünü yumub onu tərk edən...
   İnsan! Nə üçün  və haradan bu aləmə gəlib və hara gedirsən? Əgər getməlisənsə, gəlməyinin mənası,sirri nədir? İnsan,aç mənə sirrini.Sənə nə lazımdır? Nə istəyirsən? Gəlişinlə nəyi əldə edir, nəyi qazanırsan? Cahana bir fayda verirsənmi?

                                           Gəlişimdən fayda görmədi həyat,
                                           Getsəm də dəyişməz qoca kainat,
                                           Bu gəliş- gedişin səbəbi nədir?
                                           Eşidə bilmədim kimsədən, heyhat !      ( Ö. Xəyyam)

  Bəli. Dünyaya gəliş- gedişin səbəbini bilməyən insanlar bax beləcə puç olan həyatına heyfslənər,ömrünün qış fəslində bəziləri yenidən uşaqlaşmaq,cavanlaşmaq istər,kef- damaq axtarar."Bu da bir həyatdır,yaşayırıq " deyən insanlar mənasız, yeknəsəq həyat yaşayar, heç kimə və heç nəyə yaramadan gərəksiz ömür sürər.

                                          Tordan qaçdı ömür balığım  həmən,
                                          Ömrü sərsəm kimi boş keçirdim mən.
                                          Hər anı dünyaya dəyən həyatım,
                                          Nə yazıq ki, müftə getdi əlimdən.        ( Ö. Xəyyam)   


   Ömrünün ixtiyar çağlarında geri boylanıb baxan insan boş keçirdiyi həyatının hər anına belə heyfslənər. Heyhat hər şey geridə qalmış,həyat yaşanmış,ömür dəftəri vərəq- vərəq səhifələnib çevrilmiş,lakin o səhifələrə heç nə yazılmamış, boş qalmışdır.Dəftərin sonu isə insan həyatının sonu deməkdir. Hər  kəsə yalnız və yalnız bir dəfə fürsət verilir.Görəsən o fürsəti verən kimdir? O insanı nədən və nə üçün yaratmışdır?

                                          Xilqətin başlıca mehvəriyik biz,
                                          Dərk etsən, bəsirət cövhəriyik biz,
                                         Cahan dairəsi qızıl bir üzük,
                                         Onun ən dəyərli gövhəriyik biz.       ( Ö. Xəyyam)


    Dünya klassikasının böyük yazıçısı Cek Londonun " Ağ diş" povestindən bəzi sətirləri xatırlatmaq istərdim: "Həyat doyunca yemək üçün bir ehtirasdır, dünya isə səhnədir.Bu səhnədə doymağa can atan adamlar bir- biriləri ilə mübarizə aparır,vuruşur,bir- birini təqib edirlər.Onlar bir- biriləri üçün yemək əldə edir, hətta bir- birilərini yeyirlər.Səhnədə  qanlar tökülür, orada başdan- ayağadək amansızlıq hökm sürür. Bir sözlə, həyat meydanı qarmaqarışıqlıqla, təsadüflərlə doludur."
 - Bəs görəsən insan şəxsiyyətinin azadlığı, xalqın xoşbəxtliyi nədədir?
 - Müdriklikdədir.Müdriklik şəxsiyyətin iztirablardan xilas olmaq yollarını göstərir. Çünki insan iztirablarının səbəbi onun zehniyyətinin məhdudluğundadır. İnsan zehniyyətinin inkişafı onu müdrikliyə, müdriklik  də öz növbəsində iztirablardan xilas olmağa doğru aparır. Bu ağıllıların fikridir. 
 - Bəs ağıllı insan kimdir ?                         
 - Ağıllı insan odur ki, yaxşını pisdən, həqiqəti yalandan, xeyiri zərərdən, haqqı batildən seçə bilsin, haradan gəlib, hara gedəcəyini və nə üçün gəldiyini anlasın.
 -Haradan gəlmişik və hara gedirik?
 - Bizi Allah yaradıb və onun hüzuruna gedəcəyik.
 - Bəs nə üçün yaranmışıq?
 - Allaha bəndəçilik və ibadət etmək üçün.
 -Ağıllı daha kumdir ?
 - Ağıllı odur ki, Allah qarşısında verdiyi sözə əməl etsin. Ömrü boyunca möhkəm imana sahib, fəzilətli və əxlaqı gözəl olsun.
 - Gözəl əxlaqı və fəziləti nə təmin edir ?
 - Din.
 - Dinin qısa tərifi nədir ?
 -Allah tərəfindən peyğəmbərlərin vasitəsilə verilən ilahi əmr və qadağalar, dini göstəriş və qanun- qaydaların hamısına din deyilir. Dinimiz Allah yanında tək olan islam dinidir. ( bax: Ali- İmran surəsi 19 )
  İmam  Hüseyn (ə.)  buyurub: " Həqiqətən Allah- Taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar.Elə ki, tanıdılar, Ona  ibadət  edər və ibadət etsələr, Ondan qeyrilərinə ibadət etməkdən ehtiyacsız olarlar." ( Səfinətül bihar, c 12, səh 180 ) İmam Hüseyn (ə.) atası həzrət Əli (ə.) kimi dünyaya dəyəri olmayan ötəri bir kolgə kimi baxır: " Ey Allah bəndələri! Təqvalı olun, dünyadan çəkinin.Çünki, dünya əbədi məkan olsaydı, onda dünyada qalmağa ən ləyaqətli şəxslər peyğəmbərlər olardı.Lakin Allah- Taala dünyanı imtahan , əhlini isə fənaya məhkum etdiyindən yenisi köhnəlmiş, nemətləri məhv, sevincləri alt- üst olur. Belə isə azuqə yığın ! Ən yaxşı azuqə, təqvaddır.Allahdan qorxun, bəlkə nicat tapasınız."

                                            Ayıq ol, fitnədir işi zamanın,
                                            Qılıncı itidir azğın dövranın.
                                           Ağzına zəmanə paxlava qoysa, 
                                           Yemə, zəhərlidir, məhv olar canın. ( Ö. Xəyyam )      

   İmam Kazım (ə.) buyurur: " Dünyanın zahiri yumşaq, batini zəhərli ilana bənzəyir.Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər." ( Biharul- ənvar, c 78, s 311) Bəs görəsən ağıllı insan dünya evində daha nə etməlidir ? Çünki uca tanrı ona bir dəfə həyat verib və nəyə sərf etdiyini soruşacaq. İnsan gündəlik həyatının bir hissəsini ibadətlə keçirməkdən əlavə daha nə etməlidir ?
  " Həyatın ali məqsədini yerinə yetirərək öz varlığını təsdiq etmək! Çünki həyat o vaxt zirvəyə qalxır ki,bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin.Yalnız bu anlarda həyat həyatlığında qalar." ( " Fəlsəfə tarixi haqqında kiçik oçerklər", 1969, s 27 )  


                                           Yaşamaq yanmaqdır yanasan gərək,
                                           Həyatın mənası yanmağındadır.
                                           Şam əgər yanmırsa yaşamır demək,
                                           Onun yaşaması yanmağındadır.            ( B. Vahabzadə )

   Deməli, insan ayağı yer tutub, ağlı kəsəndən ölənədək yaşayıb yaratmalı, tikib qurmalı, nə isə öyrənib və öyrətməlidir.Hər bir insan öz şəxsiyyətini, varlığını təsdiq etməli, boş yerə yanmadığını sübut etməlidir.Sevimli Peyğəmbərimiz Mühəmməd (s.ə.a.s.) buyurur: " Camaatın ən yaxşısı odur ki, başqaları ondan xeyir aparsın. " Deməli, insan nəinki özü üçün yaşamalı, öz dünya həyatını qurmalı, eyni zamanda başqaları üçün yoldaş,sirdaş, həmdəm olmalı, insanlara kömək etməli,onlara çətinliklərində yardımçı olmalıdır.Həm də bütün bunlar məhz, Allaha xatir olmalıdır. Mövlananın kəlamı ilə desək:" Yaradılanı sev, Yaradanın xatirinə ".   İnsan həyatda bütün işlərini, əməllərini ( şübhəsiz, yaxşı əməllərini ) Allaha xatir, Allah sevgisiylə qurmalıdır.Məhz, o zaman, insan kamilliyin ən yüksək zirvəsinə çatar və nəhayət Allahına qovuşar. Bax, o zaman həyatda yaşamağa dəyər. Hədisi Qüdsidə buyurulub : " Ey Adəm övladı, hər şeyi sənin üçün, səni isə özüm üçün yaratmışam."  Həzrət imam Cəfər Sadiq (ə.) buyurub: " Biz, sağlam düşüncəsi, şəri vəzifələrini bilən, həlim, mehriban, səbirli, düz danışan və vəfalı olan insanı çox sevirik. Bu bir həqiqətdir ki, Allah- Taala gözəl və tərifəlayiq əxlaqı peyğəmbərlərə məxsus etmişdir.Deməli, hər kəs onlara malik olarsa, Allahına şükür etsin və kimdə o xasiyyətlər olmasa, yalvarıb Allahından onları istəsin." " Onlar hansı xasiyyətlərdir ? " - deyə soruşduqda, həzrət buyurdu : "  Vərə ( günahdan çəkinmə), qənaət, səbr, şükür, helm, həya, səxavət, şücaət, qeyrət, düz danışmaq, yaxşılıq etmək, əmanətdarlıq, yəqin, xoş rəftar olmaq və mürüvvət. " " Mürüvvət nədir ? "     deyə soruşulduqda, buyurdu: " Mürüvvət odur ki, Allah  səni qadağan etdiyi yerdə deyil, əmr etdiyi yerdə tapsın." Allah Taala Qurani Kərimin Həcc surəsində buyurur : "  Ey insanlar ! Öləndən sonra diriləcəyinizə şübhəniz varsa, ilk yaradılışınızı yada salın. Həqiqətən, biz sizi torpaqdan, daha sonra müəyyən, tam bir şəklə düşmüş ( vaxtında doğulmuş ) və düşməmiş ( vaxtından əvvəl doğulmuş ) bir parça ətdən yaratdıq ki, ( qüdrətimizi ) sizə göstərək. İstədiyimizi ana   bətnində müəyyən bir vaxta kimi saxlayar, sonra da sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə sizi böyüdərik. Kiminiz ( bu həddə çatmamış ) vəfat edər, kiminiz də ömrün elə bir ixtiyar çağına çatdırılar ki, vaxtilə bildiyini  ( tamamilə unudub körpə uşaq kimi)  bilməz olar. "

   İnsan dünyaya gəldi- gedərdi . Gedişə də bir nəzər salaq :

                                           Bu qoca dünyadan gedincə sən, mən,
                                           Kərpiclə örtülər qəbrimiz həmən.

                                           Başqa qəbirlər üçün torpağımızdan,
                                           Kərpic düzələcək, bunu düşün sən.          (Ö. Xəyyam ) 

 İmam Zeynalabdin (ə.) : " Dünyadan bəhrələnən nə qədər izzət sahibləri, padşahlar və qoşunlar görmüsən.Onlar dünyadakı arzularına yetişdilər.Möhkəm qalalar, uca saraylar tikdilər və nəfis mallar, qiymətli daş- qaşlar yığdılar. Lakin, bu daş- qaşlar, mal- dövlət, uca saraylar ölümə əlac edə bilmədi. Bu qoşunlar da ölümün qarşısını ala bilmədi, nə saysız- hesabsız qoşunlardan, topladıqları hədsiz- hüdudsuz mallardan kömək aldılar, nə kin- küdurətli adamlardan, nə də boynuyoğun insanlardan əcəlin hədəfinə, ölümün məqsədinə cavab tapdılar."    

   Dünya həyatı fani, gəldi- gedərdi.İnsanlar bu dünyaya sınaq üçün , imtahan üçün gəlmişlər və qiyamət günü bütün bunların sorğu- sualı olacaq, hər kəsin son yeri, son mənzili məhz, həmin gün təyin ediləcək. Son gediş axirət evi, əmələ görə Allahdan mükafat və ya cəza almaqdır.Gözəl axirətə sahib olmaq, Allahın razılığını qazanmaq üçün isə əməlisaleh olmaq lazımdır.İmam Əli ( ə.) buyurur : " Allah elçisini Əhli- beytinə baxın, onların addımladığı yolla gedin, yolunuzu sapmayın, qədəmlərinizi onların qədəmlərinin yerinə qoyun.Onlar sizi hidayət yolundan əsla çıxarmazlar "

2 yorum:

Unknown dedi ki...

Tesekurler

Unknown dedi ki...

Her kes hardan gelib hara getdiyini derk etseydi ne mutlu bize onda cehennem qapilari uzumuze baglanardi cenet qapilari uzumuze acilardi amma malesef bele deyil Allah hidayetlendirsin bizi, sizede Kemale xanim tesekur ediremki bizleri dusunduren movzular qoyursuz