Bu Blogda Ara

31 Ekim 2016 Pazartesi

Maskarad, yoxsa bidət


"Söz vaxtına çəkər" deyiblər. Ötən il elə bu vaxtlar idi. Bir məhərrəm günü imam süfrəsinə dəvət olunmuşdum. Ev sahibəsi uzun illər xəstə olan yaxın bir adamının şəfa tapması üçün ehsan verirdi. O gün, görüb eşitmədiyim qəribə bir süfrəyə qonaq oldum. Xırda təfərrüatlarına varmadan kəsəsi əsas məsələyə keçirəm. Məclisə Hz. Əbülfəz Abbasın nəvəsi kimi tanıdılan bir xanım bir neçə nəfərlə təşrif buyurmuşdu. Cəmi on dörd nəfər idik. Döşəməyə süfrə salındı.Üzərinə şəkər tozu, duz və sairə bu kimi ağ rəngli bişməmiş təamlar düzüldü. Üzərindən də xanımın gətirdiyi yaşıl rəngli, zərli- zibalı ağır bir süfrə sərildi. Hər kəs yerini tutdu. Quran tilavəti və on dörd  nəfərin iştirakı ilə on dörd məsumun hər birinə on dörd təsbih olmaqla salavat göndərmə mərasimi başladı. Salavatlar bitəndən sonra xanımlardan biri Hz. Əbülfəz Abbasın ziyarətnaməsini oxumağa başladı. Artıq zöhr azanının vaxtı da daxil olmuşdu. Ətrafıma baxdım. Kimsə qımıldanmadan diqqətlə ziyarətnaməyə qulaq asır,sanki, Əbülfəz Abbası görürmüş kimi bir hal almağa çalışırdı.Mən bir qədər səbr etdikdən sonra yan otağa zöhr azanının çağırışına getdim. Bir qədər keçdi. Açıq qapıdan yan otaqda artıq ziyarətnamə tilavətinin də bitdiyini başa düşdüm. Daha sonra Əfülfəz Abbasın nəvəsi deyilən xanım uzun- uzadı dualar etməyə başladı. Hörmətli, sözü keçən xanım kimi Əfülfəz Abbası, Hz. Fatiməni köməyə çağırır, xəstə üçün şəfa istəyirdi. Mən ibadətlərimin müstəhabatını da bitirdikdən sonra yenidən otağa geri qayıtdım. Xanım da dualarını bitirdi. Sonra süfrəni qaldırdılar. Bu dəm sevinc qarışıq hay- küy ətrafı bürüdü. Ev sahibəsinə gözaydınlığı da verdilər. Xəstə şəfa tapacaq. Əbülfəz Abbas məclisə daxil olub, ağ nemətlərin üzərinə barmaqlarını basaraq işarət verib. Nədən ki, əvvəlcədən hamar- hamar yığılmış şəkər tozunun, duzun üzərində qabarıq işarələr görünüb. Xoş müjdəni paylaşdıqdan sonra, nəhayət ki, bu möminə xanımlar namaz deyilən vacibatı xatırladılar. Namazdan sonra süfrə ətrafına oturduq. Səbirsizlklə gözlədiyim məqam gəldi. Bu Əhli- beyt aşiqlərindən bu günkü hərəkətlərinin nəyə əsaslandığını ehmal- ehmal soruşdum. Təəssüflər olsun ki, onlar bunu xoş qarşılamadılar. Başçıları adını çəkmədiyim bir hörmətli din xadimindən icazə aldıqlarını bəyan edərək, mənim etirazımın müqabilində mənə Qurani- Kərimdən   möminlik və iman haqqında moizə etməyə başladı. Din xadiminin adından istifadə edən bu xanımlar inanıram ki, nəyisə qarışdırıb.
     Hz. Əbülfəz Abbas (ə.) Babul- həvalic (istəklər qapısı) adlandırılıb. Lakin bu böyük şəxsiyyəti hansısa bir qaba barmaq basacaq qədər bu qədər kiçiltməyə nə ad vermək olar? Əbülfəz Abbas Hz. Əlinin (ə.) oğlu idi. O Əli ki, müşriklərlə müharibədə qılınç vura- vura tez- tez səmaya baxardı. Bir gün döyüşçülərdən biri " Ya Əli, niyə göyə baxırsan ?" deyə sorduqda, Hz. Əli (ə.) "namaz vaxtının daxil olub- olmadığını bilmək üçün" dedi. Döyüşçü də "müharıbədə nə namaz, ya Əli? "  söylədikdə " elə namaz üçün döyüşmürükmü ?" deyə Hz. Əli (ə.) cavab verir. Hz. Əbülfəz Abbas  (ə.) da həmin şəxsin oğludur. Bu xanımlara "Əbülfəz Abbasın namaz halında  sizin qablarınıza barmaq basmağa vaxtı yoxdur" deyərək, yarı zarafat, yarı sərt cavab vermək yerinə düşərdi. "Lənət şeytana" deyib vaz keçdim. Din xadiminin adından maskarad çıxarıb, dinə bidət gətirən bu cür "möminlər" dərviş Məstəli şahın layiqli davamçılarıdır. Elə, belə hərəkətlərdir insanları dindən, islamdan  uzaqlaşdıran. "İslam xurafatdır" deyib bar- bar bağıran üzdəniraq ziyalıların söykənəcək yeri. 
     Düşünürəm din xadimləri, ruhanilər, islam maarifçiləri bu kimi əskiklikləri göz altına almalıdır. Qurani- Kərimin, Peyğəmbər (ə.) sünnəsinin doğru- dürüst olaraq insanlara çatdırılması islam maarifçilərinin haqq borcudur.       


                                     

13 Ekim 2016 Perşembe

Ye çörəyini, de: əlhəmdülillah.


Deyirəm bu dindarlar da qəribədir. Hay- harayları, qışqırıqları əskik olmur. Fürsət gəzirlər şuluqluq salmağa. Həmişə narazıdırlar. Ay balam, bu qədər naşükürlük olar. Bir bunlardan soruşan gərəkdir, ay dindar oğlu dindar, sənin yeməyin əskikdir, yoxsa içməyin. Yox- yox, onu demirəm.  Deyirəm yəni, susayanda bir çaynik pürrəngi çay tapmırsan? Mat- mat nə baxırsan ? Yayda sərinliyin, qışda istiliyin yoxdur? İldə bir dəfə məcburi tibbi müayinən, xəstələnəndə müalıcən, sanatoriyan yoxdur? Bəlkə, işsiz- gücsüz, avara- avara küçələrdə gəzirsən. Yoxsa, aclıq səni o qədər üzüb ki, danışmağa, bir "hə"dən," yox"dan deməyə taqətin yoxdur. Niyə qoymursan ağsaqqalları rahat nəfəs almağa. Bu binəvaların nə günahı var. Bu qədər sənin üçün çalışıb çabalayırlar, gün- güzəran düzüb- qoşurlar elə hey, cırıldayırsan. O gün də qardaşların gedib girib kilsəyə. Niyə qalxıb demirsən, ay qardaş, sənin bu urusun ibadətgahında nə işin var? Namaz qılmağa yer qəhətdir? Nə dedin? Vay olub sənə. Ay fillan- filan olmuş bala, sən gərək Aşurada məscidə gedəsən. Ay bala, dədən- baban  məscid görmüşdü? Dünənə qədər küncdə- bucaqda sinə vurmurdu? Bir də ki, belə hünərlisən  lap, elə gedəydin də məscidə. Gərək xan Cavadın abrını aparaydın. Nə tez unutdun qəhrəmanını. Urusun önündə son nəfəsinə qədər döyüşdü. Sonda da o nadürüstlərin gülləsinə tuş oldu. Sən də getdin urusa sığındın. Axı, bu Gəncə şefinin nə günahı var ki, onu biabır eləyirsən. Bu dediyim yazığın, axı, dindən nə xəbəri. O gün ki, məscidə ayaqqabı ilə girmişdi, gərək, sənin məscidinin şef mollası ona deyəydi ki, atam- qərdeşim, ayaqqabını çıxar. İndi ki, mollan ağzına iris alıb sorur, onda daha kişinin nə suçu. Öyrədən olmadı. İndi xəbərin kilsədən gəlir. Barı rahat qıla bildinmi namazını ? Çaşıb kişilərə qarğış zad edəsiniz ha. Yazıqdırlar. Hərəsinin bir çətən külfəti var. Aylıq maaşla bir təhər günlərini keçirirlər. İstirahət etməyə, otdıxa zada getməyə heç vaxtları da yoxdur. Bodrum, Antalya onlar üçün bir röyadır. Sənin də ki, səsin  bir gün Məkkədən gəlir, bir gün də Berlindən. London, Nyu- York ayağının altında toz olub. Ay bala, o Obama kişini barı gedib ziyarət edəydin dənə. Deyərdin ki, ay Obama kişi, sən atan Hüseynin canına, bir bizimkilərə zəng elə, biz də şəhid imamımıza rahat ağlayaq. Nə qədər olmasa da adını daşıyır. İndi ki, hər şey tanışlıqladır. Deyəydin ki, özünü bicliyə qoyma. Bilirəm nə var, nə yox. Eh, ay dindar bala, bu dünya belə gəlib, belə də gedəcək. Heç kefini pozma. Gələn Aşurada gördün o yan, bu yandır, tay- tuşlarını, məsləkdaşlarını yığarsan başına, zakrıtı skalp qruppa açarsan. Hərə öz evində- eşiyində, bir- birinizdən ilham ala- ala əza saxlayarsınız. Bayraqdı, şüardı, ürəyiniz nə istəyir asarsınız  divarlarınızdan. Əşşi, niyə zakrıtı olur, lap elə otkrıtı olsun. İkisi də sərf eləyir. İşdi zakrıtı ola, ağsaqqallar narahat olacaq qəfil səssizlikdən. Nə qədər olmasa da açıq- aşkara göz önündə olanda bilirdilər nə var, nə yox. Məsələdən tez hali olub, tezcə də plan cızırdılar. Qapalılıq qaranlıq gətirər onlara. Yox, əgər, otkrıtı skalp qruppa yaratsanız üzvləriniz lap çoxalar. Evdə uşaq saxlayan kim, iş başında olan kim, xəstəxana, səfər və sairə eşidən- bilən qoşular. Bunların hamısını öz ətrafınızda cəm edərsiniz. Bu da ağsaqqallara sərf etməz. Bir də baxıb görərlər ki, qonum- qonşuda, qohum- əqrabada adam qalmayıb, hamısı otkrıtı skalp qruppanın üzvüdür. Binəvalar özləri tək qalıb. Bu da onların işinə yaramaz. Urus demişkən, luçşe elə məscidə getsinlər. Deyəsən, çox uzatdım. Hə, a bala, harada qaldım? Yadıma düşdü. Onu deyirdim ee :" Ye çörəyini, de əlhəmdülillah. Dünyanın dərdi sənəmi qalıb? "       

3 Ekim 2016 Pazartesi

Yanğı


    Bu da Məhərrəm.Sanki dünən yola salmışdıq. Günlər quş qanadında gəlib keçir elə bil. Ayların içərisində qırmızılı- qaralı xətlə keçən bu ayın özünəməxsus əzəməti var. Aşura gününün Kərbəla vaqeəsi kimi əsrlərlə yaddaşlarda qalan və islam tarixində silinməyən və silinə bilməyən Hz. Rəsulullahın (s.) nəvəsi imam Hüseyn (ə.) və yaxınlarının qətli ilə bağlıdır bu. Zülmə, haqsızlığa "yox" deyən və qiyam edərək ayağa qalxan o həzrətin  etiraz səsi bu günümüzə qədər gəlib çatır. "Aşura məktəbi" deyilən bir məktəb qoydu o həzrət. Bu məktəbin həm öyrəncisi, həm də dinləyicisi olub hər zaman. Bütün hallarda onlar haqq aşıqləridir. Lakin aşiqlikdən əlavə, bunu həqiqi mənada həyatında yaşadanlar da olub həmişə. Onlardır məhz, öyrəncilər. Hz. Hüseynin (ə.) vilayətinə daxil olanlar. Vilayət- onların imamlığını qəbul edib, eyni zamanda onun ayağının izinə ayağını qoymaqdır. Onlar boş- boşuna "Ləbbeyk" deməz. "Ləbbeyk" onlara tabe olar. Zülmə, haqsızlığa etiraz etdikləri qədər, özləri də zülmdən, haqsızlıqdan uzaq olar. Yanarlar imam Hüseyn (ə.) sevgisindən. Bu yanğı onları əridər, kiçildər. Kimisə məzlum etməyə taqətləri olmaz. Əksinə, məzlumun yanında durarlar. "Məndən keçdi, qardaşıma dəydi" deyimi , haləti onlardan uzaq olar. Hər zaman ayıq olarlar, şeytan onlardan qaçaq olar. Zalım hakimlərin, qulluqda duranların da qorxusu onlardan olar. Çünki, onlar sözlərində və əməllərində ciddidirlər. Buna görə həmişə təhlükədirlər. Onlar isə azdır. Kərbəlanın qəhrəmanları kimi. Daş altda qalan köz kimidirlər. Və bir gün tarix onların alovlandığını görəcək. Necə ki, Kərbəlada gördü. Bu alov mütləq, mütləq qalxacaq. Uzun zamanın yanğı həsrəti bərk yandırar...