Bu Blogda Ara

6 Kasım 2016 Pazar

Palaza bürün, elnən sürün

    Yadımdadır, orta məktəbdə oxuyarkən hündürboy, iri cüssəli bir tarix müəllimimiz vardı.Gözləri zəif görürdü.Sinif jurnallarını laboranta yazdırar, əlavə olaraq sinif nümayəndələrinə qaralama jurnal da tutdurardı.O vaxtlar sovet imperiya rejiminin tələblərinə uyğun olaraq SSRİ tarixi adı altında rus tarixindən dərslər də keçirilirdi. Dərs ilinin sonuna yaxın Azərbaycan tarixinə cəmi bir neçə saat vaxt ayrılardı. O da keçilə, ya keçilməyə. Şagirdlərə müraciətində müəllimimin bir xitabı vardı: " Ay Allahsız".Tez-tez işlədərdi bu ifadəni.Arabir aramızdan kimisə ayağa qaldırar "Allah yoxdur" cümləsini təkrar elətdirərdi. Dərs bitər və biz evimizə qayıdardıq.Hər birimiz də məktəb çantasıyla bərabər maraq dolu bir sual da daşıyardıq özümüzlə. Cavabını hər kəs öz ailəsində tapardı. Sonralar adət də etdik müəllimin ibarələrinə. Hövsələsi qaçanda "Allah evini tiksin", yaxud "Allah evini yıxsın" kimi ifadələri işlədərkən bir- birimizə mənalı baxışlarla baxar, dodaqaltı gülümsəyərdik. Tənəffüs vaxtı isə dəcəl uşaqlar hey müəllimə gülərdi. Tarix müəllimimiz özünün belə inanmadığı  Allahın yoxluğu ideyasını çox çalışsa da bizə öyrədə bilmədi. O vaxtdan çox uzun zaman keçib. Müəllimim sağdı- yoxdu bilmirəm. Axıradək fikirlərinə sadiq qaldımı,  onu da bilmirəm. Amma böyüdükdən, pisi- yaxşını anladıqdan sonra müəllimimə bənzərlərini çox görürəm. Dinin cəhalətindən, xurafatından yorulmadan bəhs edənlərin şirin- şirin qurban tikəsini udmalarından, tanış- biliş, qohum- əqrəbanın hüzr məclislərində təm-təraqlı ehsan süfrəsinə qonaq olub sonunda da salavat adına əlini üzünə çəkmələrini də görüb- eşitmişəm. Bir ömür "Allah yoxdur" kəlamını təbliğ edib, amma cənazəsində Allah kəlamının oxunanlarını da görmüşəm.Əcəba, bu işıqlı ziyalılar düşünürlər ki, ölüsünə Quran işıqmı saçacaq. Bir ömür yaşayıb Quranı yalan- palan söz yığını hesab edənlər olmaya cənazəsinin yalqız qalacaqlarından qorxurlar. "Palaza bürün, elnən sürün" ənənəsini həyatına tətbiq etməyi özlərinə çıxış yolu hesab edirlər.Mübarək olsun. Amma bu xalq hələ ki, çörəyi qulağına yemir.

Şəhidlik zirvəsi

    M. Qorbaçovun SSRİ -yə rəhbər gəlişindən sonra yürütdüyü "yenidənqurma" siyasəti 70 il davam edən ittifaqın parçalanmasına səbəb oldu. Müstəqilliyini qazanan respublikalar sırasında Azərbaycan da vardı. Lakin digər respulikalardan fərqli olaraq Azərbaycan öz müstəqilliyini rahatlıqla əldə edə bilmədi. 1987- ci ildə sonradan kələfi açılmayacaq bir düyünə çevrilən Qarabağ konflikti ilə başladı bütün olanlar. 1990- cı ilin 20 yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına çevrilməklə bərabər "şəhid", "şəhidlik" adlanan məfhumu da gündəmə gətirdi. Öz yürdunda, öz elində azadlığının müdafiəsinə qalxan , haqqının haqq səsini boğmağa çalışanların önündə əyilmədi. Öz tarixini qan ilə yazdı. Şəhidlik də 20 yanvar günündən bəri elə bil bu  xalqı özünə məhrəm bildi. Qarabağ uğrunda gedən savaşlarda ardı- arası kəsilmədən şəhidlər verdi bu xalq.Hələ də verir.Öz yurdunda təcavüzə məruz qalıb haqqını qorumağa çalışanlara şəhid deyərlər. "Vətəni sevmək imandandır" dedi Həzrəti Peyğəmbərimiz (s.). Vacibatını yerinə yetirən, Vətənini, ana- bacılarını qoruyarkən həlak olan bu cavan balalarını xalq da unutmaz.Onlar əbədiyyətə qovuşaraq cismən olmasalar da ruhən sağdırlar.Digərlərindən fərqli olaraq adi həyat sürməyən, qəhrəmanlığa imza atanlar.Ruhunuz şad olsun.