Bu Blogda Ara

19 Ocak 2020 Pazar

Şəhidlik: ağılsızlığın nümunəsi, yoxsa zirvənin fəthi


                                             
          Cəmi bir neçə günün söhbətidir. Təsadüfi, bir  xanımla  tanış oldum. Cavan idi. Cavan olduğu qədər də əsəbi, gərgin görkəmi vardı. Bir müşkülündən dolayı idarə qapılarını döyməkdən yorulmuşdu daha. Fikirlərini qırıq- qırıq, kəsik- kəsik çatdırırdı. Amma qırğınlığının səbəbi daha ağır və dözülməz idi. " Dörd şəhidimiz var" dedi. "Mən şəhid övladıyam, Qaçqınkomda atamın Qarabağ döyüşlərində şəhid olduğunu bildirəndə ....müəllim mənə " ağlı var idi şəhid olmazdı " "dedi.Çox ağrımışdı bu sözdən. Ağrımağa, yanmağa əsas da vardı. Onu dinlədikcə heç unutmadığım və unuda bilmədiyim bir hadisəni xatırlamışdım. Bir nənə tanıyıram. Adı Şəkərdir. Adı kimi özü də şəkərdir nənə. Çox şirindir. Nəvələrim mənə " bal nənə" deyir, deyə gülümsəyən üzünün cizgiləri nələrin şahididir nənənin. Yaxından tanıyıb sevənləri də eləcə onu Şəkər nənə deyib çağırır. Şəhid anasıdır nənəm mənim. Doğma olmasa da doğmalarım qədər əzizdir mənə.Oğlu Məlikov Azər Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub. Cəsədi də tapılmayıb. Sumqayıt Şəhidlər Xiyabanında itgin düşənlərin siyahısı həkk olunmuş daş lövhənin üzərindədir adı. 
" Qucaqlamağa heç bir qəbrim də yoxdur mənim" deyən nənənin sızıltısına, naləsinə dözmək olmur. Xatırlayıram. Haradasa,  iki- üç il öncənin söhbətidir. Nənə xəstəxanada yatırdı. Onunla eyni palatada müalicə olunan bir qadının həyat yoldaşı tanımışdı onu orada. Şəhid balasının dostu olubmuş demə. " Biz üç nəfər idik. İkimiz Rusiyaya qaçdıq. Amma Azər Qarabağa getdi. Ağlı olmadı. Getməsəydi ölməzdi" demişdi nənəyə. Nənənin hələ də qaysaqlana bilməyən yarasına duz basmışdı o namərd. Halı pisləşmişdi nənənin. O gecə səhərə qədər həkimlər çalışıb güclə qurtarmışdı onu  ölümün cəngindən. Elə o zaman mən bu hadisəni ictimailəşdirərək  " dostuyam" deyib, amma dostluqdan bixəbər olanın mühakimə olunması fikrinə belə düşdüm. Lakin nənənin onsuz da bərbad olan səhhətinin pisləşəcəyi narahatçılığından bu fikirdən vaz keçdim. İndi də yenə, eyni mövzu, eyni motiv: ağlı olsa idi şəhid olmazdı. Bu, özündən razı xudbinlərin düşüncəsinin məhsuludur. Yalnız xudbinlikmi? Ağıllı olmağın hədd- hüdudunu belələrimi təyin edir. Arzuları yarımçıq qalan, cavan ömrü qırılan, həyatını doğma Vətəni uğrunda qurban verən şəhidlərimiz ağılsızmı olur indi. Bu gün vəzifə kreslosunda rahatca oturub rüşvətini " qazanan"lar , ailəsinin qabağında  kişi- kişi dolananlar, daha kimlər ... Sizmi ağıllı çıxdınız indi. Sizin kimilər bu ölkənin pislikləridir. Nəcissiniz siz. O ağılsız adlandırdıqlarınızın qanı üstündədir bu günkü rahat güzəranınız. Onlar bu ölkənin, bu Vətənin tarixini yazdılar. Qanlı sətirlərlə. Əsrlər belə o sətirləri soldurmayacaq. Bəs siz? Sizlər nəyi yazdınız? Nə etdiniz ? Qarışqa qədər dəyəriniz yoxdur sizin kimilərin. Tarix sizi göməcək öz zülmətlərinizdə. Onlar isə bu xalqın zirvəni fəth etmiş övladlarıdır. Qəhrəmanlıqdan keçən şəhidlik zirvəsinin. 
  Sabah qanlı yanvardır. Müstəqilliyə qovuşan Respublikamızın ilk şəhid qanlarının töküldüyü gecənin ildönümüdür. Sabah hər kəsin başının hüznlə aşağı əyəcəyi gündür. Elə bir gün ki, fikir ayrılığından asılı olmayaraq hər bir kəs artıq bu nöqtədə birləşir. Yalnız, onlardan başqa. O kəslər ki, kimliyini itirərək sərgərdan qalıblar dibsiz  zülmətlərdə.      

                         Kəmalə Zeynəbinur,
                         İslam maarifçisi, yazar,
                         2020, 20 yanvar gecəsi 


                           
                

9 Ocak 2020 Perşembe

QAPAZ



                                                         
                                                                 QAPAZ


Yaman bicokdur  bu kişi . Trampı deyirəm e . İşi lap oyundur . Oyundur nədir. Tragedokomediya. Gündəmdə qalmaq üçün hər oyundan çıxır . Bu sarı kürənə deyən yoxdur, ay balam, nə olub, nə xəbərdir . Niyə bu dünyanı qatıb qarışdırmısan . Adınız, sanınız, hegemonluğunuz. Oturduğun yerdə niyə oturmursan. O gün də gedib İranın generalını vurdurmusan. Bəs eləməyib, hələ bir şadyanalıq da eləmisən. İran da gözünə döndüyüm yaxşı qapaz çəkdi onsuz da öz- özündən qızaran o qırmızı sifətinə. Barı, ölüb yerə girdinmi? Əşi, bu nə sualdı verdim. Bu qabana oxşayan adamcığazın hiss- duyğu orqanı yaxşı inkişaf edib ki, bir utana da. Bunun ancaq əl- qol ata- ata üzünü haldan- hala salmağı var. Haldan- hala demişkən sosial mediamız da bir neçə gündür elə Trampın sifəti kimi haldan- hala düşüb. İraqdakı partlayışlar yalan oldu bunun yanında . İki cəbhəyə bölünüblər bu canı yanmamışlar.Elə bil o raketlər İraqın səhrasında yox , internet resurslarında, sosial şəbəkələrdə partlayıb . Bu cəbhədən o cəbhəyə, o cəbhədən bu cəbhəyə. Amandı, qoyma,vur gəldi. Yazıq, avam, bixəbər xalq . Bilmir o tərəfə dönsün , yoxsa, dönüb bu tərəfdə dursun . Axı bu xalq neyləsin . Başı bir tikə çörək pulu qazanmaqdan ayrılmır . Daşdan çıxır,  vallahi bu xalqın tikəsi . Axşam yorğun düşüb ayağını yorğan- döşəyinə uzadıb bir "ox- ay" desin , yoxsa bu qırğın - müsibətdən baş çıxarsın. Bütün günahlar bu Trampdadır. Axı, buna deyən gərək , ay qırmızı sifət, sarı kürən kişiciyəz. Ayağını yorğanına uzada bilmirsən  bir suç,  bu camaatı niyə qoymursan " küş" eləyib yatağında  rahat yatsın. İndi deyin görək , bu sarı kürənin o biri üzünə də bir qapaz yaraşır yoxsa yox.   

       Kəmalə Zeynəbinur 
       İslam maarifçisi , yazar
        2020,yanvar