Bu Blogda Ara

Düşüncə işığında etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Düşüncə işığında etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

29 Kasım 2020 Pazar

Fışqırıq bəlası

 

       Neçə gündür əhvalım yaman qarışıb. Fit çala bilmirəm. Əllərimi, barmaqlarımı nə   qədər işlətsəm də bacarmıram ki, bacarmıram.  Dişlərim də qəsdimə durub elə bil. Hər dəfə barmaqlarımı tuşlayıb ağzıma qoyar- qoymaz  özümü elə itirirəm ki, dişlərim barmaqlarımı gəmirir. Uzun sözün qısası yaman günə qalmışam.  Bu səbəbdən nə şəhidlər xiyabanına gedə bildim,  nə də bir dəfn mərasimində iştirak etdim. Çox qorxurdum. Birdən, işdi- şayəddi camaat yığıla fışqırıq çala mən kənarda qalam. Biabır ollam ki. Yuxularım da ərşə çəkilmişdi. Bu hoqqa  haradan gəldi başıma. Mən binəva başıma haranın külünü töküm ki, bir fışqırıq nədir onu bacarmıram.    Axır, bir gün elə bil cin vurdu beynimə. Durdum getdim şəhər  qəbristanlığına. Fikirləşirdim ki , qəbirləri, baş daşıları görüb, bəlkə cuşə gəlib fit çala bilərəm. Nəhayətdə bu üzüntüdən də qurtarmış olaram. Nə başınızı ağrıdım. Qəbiristanlığın başından barmaqlarımı qoşalaşdıraraq ağzıma yaxınlaşdırıb var gücümlə üfləyə- üfləyə iri addımlarla içərilərə doğru irəlilədim. Hələ qulaqlarımı da  şəklədim ki, ilk fışqırıq sədalarımı yaxşı eşıdəm. Bir xeyli getmişdim. Dörd tərəfim məzarlıq idi. Birdən elə bil qulaqlarıma qışqırıq səsləri gəldi. " Ay bala, niyə narahat edirsən  bizi. Bir fatihə, salavat deyə bilmirsən,  barı həşr qoparma. Qoy yataq." Duruxub qaldım. Elə bil məzarlıqda uyuyan ruhların etiraz səsi idi bu səslər. " Ay bala, nə mat- mat baxırsan. Bizi əzizlərimiz göz yaşları ilə, sinəzənlərlə, Quranla   gətirib tapşırıb bura. İndi niyə bizə zülm edirsən." Qorxudan az qala gözlərim oyuğundan çıxdı. Başımı tutub götürüldüm. Təngnəfəs qəbristanlıqdan çıxıb  avtomobil yoluna çatdım. Qarşıma ilk gələn avtobusa özümü çatdırmaq istəyirdim  ki,  birdən ətrafdan cingiltili fit səsi gəldi. Az qala nəfəsim kəsildi. Elə bu dəm kiminsə məni silkələdiyini hiss etdim. " Ay uşaq, maskanı yuxarı qaldır." O anda elə bil yuxudan ayıldım. Yaşlı bir kişi idi. Əli ilə kiməsə işarə edirdi. Dönüb baxanda ağzında    fit tutan bir polis işçisinin  əlindəki çubuğu qaldırıb mənə tərəf silkələdiyini gördüm. Tez- tələsik çənəmdən də aşağı düşmüş maskamı yuxarı qaldırıb özümü qarşımda dayanan avtobusun ilk oturacağına atdım. Sevinirdim. Yaxşı qurtarmışdım.

28 Mayıs 2020 Perşembe







                           
                                           28 may- Milli Cümhuriyyət günümüz 

9 Mart 2020 Pazartesi

Bu, lap ağ oldu ( hekayə)


Gülmirzənin hövlanak həyətə daxil olmağı ilə lo düşməyi bir oldu.Qonum-qonşu elə bil çaxnaşmaya düşdü ki, Gülmirzə özü də mat qaldı. Ədə , nə olmuş ? Bəs, Torqovıda həşr qopmuş. Gülbadamla Gülbikənin qız nəvələri də orada imiş.Gülmirzənin özü gözləri ilə görüb onları.Əllərində rəngli bayraqlarla çığıra - çığıra düşüblər küçələrin canına. Gülmirzə deyir ki, özüm onların arxasınca bir xeyli getdim. Əməlli- başlı izdiham vardı. Əvvəl, məsələni başa düşmədim. Sonradan- sonraya anladım ki.. Bu dəmdə Gülbala kişi həyətdə qopan vay- şivənə boynunu eyvandan çölə uzatdı. Eynəyini gözlərinə taxıb bir xeyli baxdı. Camaat onu görüncə duruxdu. Gülbala kişi başa düşdü ki, torbada pişik var. Eləmə tənbəllik əsasını götürüb azacıq əyilmiş belini dikəltməyə çalışaraq taxta pillələrlə ehmalca aşağı düşdü. Gülbala kişi Gülmirzənin qənşərinə çatmışdı ki, Gülsabahla Gülsənəm əl çala- çala qışqırtı, çığırtı qarışıq hay- küylə həyətə daxil oldular. Onlar "Azadlıq, azadlıq. Sən uşağa bax, biz səhərə qədər şəhərdə əylənəcəyik" deyə çığırışaraq ayaqlarını yerə vurarkən Gülbala kişi düşündü ki, bu da onların yeni rollarıdır. Arabir şou proqramlara  çəkilirdilər axı. Elə bu dəm uçastkovı Gülverdi göründü. Əllərini arxaya çarpazlamış halda iri qarnını dikəldərək aram- aram həyətə keçdi. Gülsabahla Gülsənəm onu görcək bir az da şövqlə təpiklərini yerə döyəcləməyə başladılar. Ətrafa toplaşanların da  heç bir şey anlamadıqlarından gözləri bərələ qalmışdı . Uçastkovı Gülverdi bir xeyli bu həngaməyə baxaraq üzünü çevirib getdi. Amma gedərkən barmaqlarını qaldırıb silkələməyi də unutmadı. Gülbala kişi sini az qala yüzü keçmişdi  hələ ömründə belə haqq- hesab görməmişdi. Gülbadamla Gülbikə dayıları olan Gülbala kişidən sarı qorxuya düşdülər. Kişinin cinləri qalxar bir dəlilik edər. Nəmxuda hələ canında su var. Gülbala kişi hələ də bir şey anlamayaraq səkiyə çökdü. Əsasına söykənərək fikrə getdi. Atası rəhmətlik  Gülabbas kişi yadına düşmüşdü. Sağlığında Gülabbas kişi oğlu Gülbalaya hələ uşaq yaşlarında teatroya həvəsli olduğundan bəhs edər, rəhmətlik Cəfər Cabbarlının Sevil əsərinin  az qala hər kəlməsini əzbərlədiyini fəxrlə söylərdi. Ailələri çoxuşaqlı idi. Atasına kömək qəsdi ilə teatrodan afişaları götürər , sütunlara yapışdırar , bununla da xırdaca canı ilə çaq- çuq edərmiş. O vaxtdan teatroya maraq göstərirmiş. Sevilin çadrasını atıb eləcə, başaçıq qalmasını gəlib evdə nəql edərkən atası çox acıqlanıbmış hələ ona. Gülbala kişi bütün bunları xatırlaya- xatırlaya hələ də məsələnin nə olduğunu anlamamışdı ki, təzəcə sakitləşmiş məhləyə yenə lo düşdü. İndi nə oldu balam. Nə olsa yaxşıdır. Deməsənmiş məhlənin uşaqları evdə dustaq olub oturmaqdan bezib , onlar da "azadlıq , koronaya yox" şüarları ilə cuşə gəlib. O gecə Gülmirzə bir  küncə çəkilib qul bazarında çalışıb bir təhər köpük- köpük yığıb aldığı telefonla gündüz gördüyü hadisələri şövqlə izləyib  arabir qəşş edib gülərkən Gülbala kişi sabaha qədər sümükləri sızıldaya- sızıldaya sayıqladı .  Arabir, " Cəfər qağa, sən belə deməmişdin axı, bu, lap ağ oldu" deyərək səslənirdi. Səhər məhləyə yenə lo düşdü. Gülbala kişi rəhmətlik olmuşdu. 

Kəmalə Zeynəbinur 
2020, 9 mart 

8 Mart 2020 Pazar

Bir 8 Mart diləyi


Şəxsiyyət vəsiqəmdən boylanan fotoşəklimə baxıram, Hicablı olduğum halda hicabsız çəkdirdiyim şəkilə. Niyə hicabsız? Çünki bu ölkənin qanunlarına görə kimliyin başı açıq çəkilmiş fotoşəklinlə təsdiq olunmalıdır. Bəli, bu mənəm. Öz ölkəmin vətəndaşı. Şəklim mənə baxır, mən isə bu baxışların geridə buraxdığı illərə. Mən o adamam ki, bir zaman 8 Mart ərəfəsində sevimli müəllimlərimə hədiyyə verər, ya da bunu təşkil edərdim. Xəsis və diqqətsiz parta yoldaşımın gizlicə çantama qoyacağı hədiyyə gözləntisi isə bir başqa aləm idi. Qardaşlarımın hədiyyə etdiyi dəftər, qələm, yapışqan və bu kimi məktəb ləvazimatları heç yadımdan çıxmır. Özümün isə əziz anama elə  onun özündən aldığım pulla və onun özünəcə   bağışladığım hədiyyə. Bir qədər yuxarı siniflərdə oxuduğum zaman Pribaltika şəhərləri və Almaniyanın Atlansberq şəhərində yaşayan, adını çoxdan unutduğum qızlarla dostluq məktublaşmalarında 8 Mart öncəsi dükandan açıqca alar və arxasına yazardım:" Doroqaya ....! Pozdravlyayu tebya s 8- ovo Marta. Jelayu tebe şastye ,blaqopoluçie ,zdorovye .." və sairə- sairə. Əvəzində də eyni bir təbrik açıqcası gözlərdim və alardım . Sonralar 8 Mart diləklərimiz həyata keçmədi.  Müharibə illərinin odu- alovu hamı kimi mənim də həyatımı bürüdü. O zamanlar gündə üç dəfə kiçik boşqabda yediyimiz noxud, anamın çay əvəzi dəmlədiyi , bizim də birtəhər içdiyimiz bağayarpağı dəmləməsi bir yana, AXC - nin maaş əvəzi atama verdiyi kompot balonu indi də gözümün önündədir . Lap əvvəllər yaşadığımız evin yaxınlığında olan , uşaq vaxtı gəzib dolaşdığım, xoş xatirələrimi yaşadan ərazidə indi dəcəl sinif yoldaşlarımın , yaxın- uzaq qohum- əqrabaların, tanış- bilişlərin portretərini yaşadan şəhid  qəbiristanlığı yerləşir  O zamanlar, hələ sahibi gəlməmiş, yan- yana qazılan  qəbirlər insanın qəlbinə bir vahimə salırdı. Biz bunu nə 8 Martda, nə də "Novıy qod"da  arzuladıq. Heç ağlımıza da gəlmədi. Amma bu oldu. O vaxtdan bir xeyli vaxt keçir. İndi nə " Novıy Qod", nə də 8 Mart arzularım, açıqcalarım  var . 
Şəxsiyyət vəsiqəmdəki fotoşəklimlə baş- başa qalaraq bütün bunları xatırladım. 
Bu gün, 8 mart günü Ana Vətənimin 8 Martı qeyd edən və etməyən , gözləyən və gözləməyən , imanlı və az inanclı xanımlarına bir 8 Mart diləyim var: 
" Əziz ana və bacılar, sevimli qadınlar! 
Ömrünüzün hər bir anı bərəkətlə dolsun. Həyatınızın şirin hədiyyə gözləntiləri Uca və Pak Rəbbimizdən olsun. Ömrünüz müharibənin qan- qadası , qorxu və vəhşətindən solmasın." 
Sevgi və riqqətlə : Kəmalə Zeynəbinur.
8 Mart, 2020


19 Ocak 2020 Pazar

Şəhidlik: ağılsızlığın nümunəsi, yoxsa zirvənin fəthi


                                             
          Cəmi bir neçə günün söhbətidir. Təsadüfi, bir  xanımla  tanış oldum. Cavan idi. Cavan olduğu qədər də əsəbi, gərgin görkəmi vardı. Bir müşkülündən dolayı idarə qapılarını döyməkdən yorulmuşdu daha. Fikirlərini qırıq- qırıq, kəsik- kəsik çatdırırdı. Amma qırğınlığının səbəbi daha ağır və dözülməz idi. " Dörd şəhidimiz var" dedi. "Mən şəhid övladıyam, Qaçqınkomda atamın Qarabağ döyüşlərində şəhid olduğunu bildirəndə ....müəllim mənə " ağlı var idi şəhid olmazdı " "dedi.Çox ağrımışdı bu sözdən. Ağrımağa, yanmağa əsas da vardı. Onu dinlədikcə heç unutmadığım və unuda bilmədiyim bir hadisəni xatırlamışdım. Bir nənə tanıyıram. Adı Şəkərdir. Adı kimi özü də şəkərdir nənə. Çox şirindir. Nəvələrim mənə " bal nənə" deyir, deyə gülümsəyən üzünün cizgiləri nələrin şahididir nənənin. Yaxından tanıyıb sevənləri də eləcə onu Şəkər nənə deyib çağırır. Şəhid anasıdır nənəm mənim. Doğma olmasa da doğmalarım qədər əzizdir mənə.Oğlu Məlikov Azər Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub. Cəsədi də tapılmayıb. Sumqayıt Şəhidlər Xiyabanında itgin düşənlərin siyahısı həkk olunmuş daş lövhənin üzərindədir adı. 
" Qucaqlamağa heç bir qəbrim də yoxdur mənim" deyən nənənin sızıltısına, naləsinə dözmək olmur. Xatırlayıram. Haradasa,  iki- üç il öncənin söhbətidir. Nənə xəstəxanada yatırdı. Onunla eyni palatada müalicə olunan bir qadının həyat yoldaşı tanımışdı onu orada. Şəhid balasının dostu olubmuş demə. " Biz üç nəfər idik. İkimiz Rusiyaya qaçdıq. Amma Azər Qarabağa getdi. Ağlı olmadı. Getməsəydi ölməzdi" demişdi nənəyə. Nənənin hələ də qaysaqlana bilməyən yarasına duz basmışdı o namərd. Halı pisləşmişdi nənənin. O gecə səhərə qədər həkimlər çalışıb güclə qurtarmışdı onu  ölümün cəngindən. Elə o zaman mən bu hadisəni ictimailəşdirərək  " dostuyam" deyib, amma dostluqdan bixəbər olanın mühakimə olunması fikrinə belə düşdüm. Lakin nənənin onsuz da bərbad olan səhhətinin pisləşəcəyi narahatçılığından bu fikirdən vaz keçdim. İndi də yenə, eyni mövzu, eyni motiv: ağlı olsa idi şəhid olmazdı. Bu, özündən razı xudbinlərin düşüncəsinin məhsuludur. Yalnız xudbinlikmi? Ağıllı olmağın hədd- hüdudunu belələrimi təyin edir. Arzuları yarımçıq qalan, cavan ömrü qırılan, həyatını doğma Vətəni uğrunda qurban verən şəhidlərimiz ağılsızmı olur indi. Bu gün vəzifə kreslosunda rahatca oturub rüşvətini " qazanan"lar , ailəsinin qabağında  kişi- kişi dolananlar, daha kimlər ... Sizmi ağıllı çıxdınız indi. Sizin kimilər bu ölkənin pislikləridir. Nəcissiniz siz. O ağılsız adlandırdıqlarınızın qanı üstündədir bu günkü rahat güzəranınız. Onlar bu ölkənin, bu Vətənin tarixini yazdılar. Qanlı sətirlərlə. Əsrlər belə o sətirləri soldurmayacaq. Bəs siz? Sizlər nəyi yazdınız? Nə etdiniz ? Qarışqa qədər dəyəriniz yoxdur sizin kimilərin. Tarix sizi göməcək öz zülmətlərinizdə. Onlar isə bu xalqın zirvəni fəth etmiş övladlarıdır. Qəhrəmanlıqdan keçən şəhidlik zirvəsinin. 
  Sabah qanlı yanvardır. Müstəqilliyə qovuşan Respublikamızın ilk şəhid qanlarının töküldüyü gecənin ildönümüdür. Sabah hər kəsin başının hüznlə aşağı əyəcəyi gündür. Elə bir gün ki, fikir ayrılığından asılı olmayaraq hər bir kəs artıq bu nöqtədə birləşir. Yalnız, onlardan başqa. O kəslər ki, kimliyini itirərək sərgərdan qalıblar dibsiz  zülmətlərdə.      

                         Kəmalə Zeynəbinur,
                         İslam maarifçisi, yazar,
                         2020, 20 yanvar gecəsi 


                           
                

9 Ocak 2020 Perşembe

QAPAZ



                                                         
                                                                 QAPAZ


Yaman bicokdur  bu kişi . Trampı deyirəm e . İşi lap oyundur . Oyundur nədir. Tragedokomediya. Gündəmdə qalmaq üçün hər oyundan çıxır . Bu sarı kürənə deyən yoxdur, ay balam, nə olub, nə xəbərdir . Niyə bu dünyanı qatıb qarışdırmısan . Adınız, sanınız, hegemonluğunuz. Oturduğun yerdə niyə oturmursan. O gün də gedib İranın generalını vurdurmusan. Bəs eləməyib, hələ bir şadyanalıq da eləmisən. İran da gözünə döndüyüm yaxşı qapaz çəkdi onsuz da öz- özündən qızaran o qırmızı sifətinə. Barı, ölüb yerə girdinmi? Əşi, bu nə sualdı verdim. Bu qabana oxşayan adamcığazın hiss- duyğu orqanı yaxşı inkişaf edib ki, bir utana da. Bunun ancaq əl- qol ata- ata üzünü haldan- hala salmağı var. Haldan- hala demişkən sosial mediamız da bir neçə gündür elə Trampın sifəti kimi haldan- hala düşüb. İraqdakı partlayışlar yalan oldu bunun yanında . İki cəbhəyə bölünüblər bu canı yanmamışlar.Elə bil o raketlər İraqın səhrasında yox , internet resurslarında, sosial şəbəkələrdə partlayıb . Bu cəbhədən o cəbhəyə, o cəbhədən bu cəbhəyə. Amandı, qoyma,vur gəldi. Yazıq, avam, bixəbər xalq . Bilmir o tərəfə dönsün , yoxsa, dönüb bu tərəfdə dursun . Axı bu xalq neyləsin . Başı bir tikə çörək pulu qazanmaqdan ayrılmır . Daşdan çıxır,  vallahi bu xalqın tikəsi . Axşam yorğun düşüb ayağını yorğan- döşəyinə uzadıb bir "ox- ay" desin , yoxsa bu qırğın - müsibətdən baş çıxarsın. Bütün günahlar bu Trampdadır. Axı, buna deyən gərək , ay qırmızı sifət, sarı kürən kişiciyəz. Ayağını yorğanına uzada bilmirsən  bir suç,  bu camaatı niyə qoymursan " küş" eləyib yatağında  rahat yatsın. İndi deyin görək , bu sarı kürənin o biri üzünə də bir qapaz yaraşır yoxsa yox.   

       Kəmalə Zeynəbinur 
       İslam maarifçisi , yazar
        2020,yanvar

6 Kasım 2016 Pazar

Palaza bürün, elnən sürün

    Yadımdadır, orta məktəbdə oxuyarkən hündürboy, iri cüssəli bir tarix müəllimimiz vardı.Gözləri zəif görürdü.Sinif jurnallarını laboranta yazdırar, əlavə olaraq sinif nümayəndələrinə qaralama jurnal da tutdurardı.O vaxtlar sovet imperiya rejiminin tələblərinə uyğun olaraq SSRİ tarixi adı altında rus tarixindən dərslər də keçirilirdi. Dərs ilinin sonuna yaxın Azərbaycan tarixinə cəmi bir neçə saat vaxt ayrılardı. O da keçilə, ya keçilməyə. Şagirdlərə müraciətində müəllimimin bir xitabı vardı: " Ay Allahsız".Tez-tez işlədərdi bu ifadəni.Arabir aramızdan kimisə ayağa qaldırar "Allah yoxdur" cümləsini təkrar elətdirərdi. Dərs bitər və biz evimizə qayıdardıq.Hər birimiz də məktəb çantasıyla bərabər maraq dolu bir sual da daşıyardıq özümüzlə. Cavabını hər kəs öz ailəsində tapardı. Sonralar adət də etdik müəllimin ibarələrinə. Hövsələsi qaçanda "Allah evini tiksin", yaxud "Allah evini yıxsın" kimi ifadələri işlədərkən bir- birimizə mənalı baxışlarla baxar, dodaqaltı gülümsəyərdik. Tənəffüs vaxtı isə dəcəl uşaqlar hey müəllimə gülərdi. Tarix müəllimimiz özünün belə inanmadığı  Allahın yoxluğu ideyasını çox çalışsa da bizə öyrədə bilmədi. O vaxtdan çox uzun zaman keçib. Müəllimim sağdı- yoxdu bilmirəm. Axıradək fikirlərinə sadiq qaldımı,  onu da bilmirəm. Amma böyüdükdən, pisi- yaxşını anladıqdan sonra müəllimimə bənzərlərini çox görürəm. Dinin cəhalətindən, xurafatından yorulmadan bəhs edənlərin şirin- şirin qurban tikəsini udmalarından, tanış- biliş, qohum- əqrəbanın hüzr məclislərində təm-təraqlı ehsan süfrəsinə qonaq olub sonunda da salavat adına əlini üzünə çəkmələrini də görüb- eşitmişəm. Bir ömür "Allah yoxdur" kəlamını təbliğ edib, amma cənazəsində Allah kəlamının oxunanlarını da görmüşəm.Əcəba, bu işıqlı ziyalılar düşünürlər ki, ölüsünə Quran işıqmı saçacaq. Bir ömür yaşayıb Quranı yalan- palan söz yığını hesab edənlər olmaya cənazəsinin yalqız qalacaqlarından qorxurlar. "Palaza bürün, elnən sürün" ənənəsini həyatına tətbiq etməyi özlərinə çıxış yolu hesab edirlər.Mübarək olsun. Amma bu xalq hələ ki, çörəyi qulağına yemir.

13 Ekim 2016 Perşembe

Ye çörəyini, de: əlhəmdülillah.


Deyirəm bu dindarlar da qəribədir. Hay- harayları, qışqırıqları əskik olmur. Fürsət gəzirlər şuluqluq salmağa. Həmişə narazıdırlar. Ay balam, bu qədər naşükürlük olar. Bir bunlardan soruşan gərəkdir, ay dindar oğlu dindar, sənin yeməyin əskikdir, yoxsa içməyin. Yox- yox, onu demirəm.  Deyirəm yəni, susayanda bir çaynik pürrəngi çay tapmırsan? Mat- mat nə baxırsan ? Yayda sərinliyin, qışda istiliyin yoxdur? İldə bir dəfə məcburi tibbi müayinən, xəstələnəndə müalıcən, sanatoriyan yoxdur? Bəlkə, işsiz- gücsüz, avara- avara küçələrdə gəzirsən. Yoxsa, aclıq səni o qədər üzüb ki, danışmağa, bir "hə"dən," yox"dan deməyə taqətin yoxdur. Niyə qoymursan ağsaqqalları rahat nəfəs almağa. Bu binəvaların nə günahı var. Bu qədər sənin üçün çalışıb çabalayırlar, gün- güzəran düzüb- qoşurlar elə hey, cırıldayırsan. O gün də qardaşların gedib girib kilsəyə. Niyə qalxıb demirsən, ay qardaş, sənin bu urusun ibadətgahında nə işin var? Namaz qılmağa yer qəhətdir? Nə dedin? Vay olub sənə. Ay fillan- filan olmuş bala, sən gərək Aşurada məscidə gedəsən. Ay bala, dədən- baban  məscid görmüşdü? Dünənə qədər küncdə- bucaqda sinə vurmurdu? Bir də ki, belə hünərlisən  lap, elə gedəydin də məscidə. Gərək xan Cavadın abrını aparaydın. Nə tez unutdun qəhrəmanını. Urusun önündə son nəfəsinə qədər döyüşdü. Sonda da o nadürüstlərin gülləsinə tuş oldu. Sən də getdin urusa sığındın. Axı, bu Gəncə şefinin nə günahı var ki, onu biabır eləyirsən. Bu dediyim yazığın, axı, dindən nə xəbəri. O gün ki, məscidə ayaqqabı ilə girmişdi, gərək, sənin məscidinin şef mollası ona deyəydi ki, atam- qərdeşim, ayaqqabını çıxar. İndi ki, mollan ağzına iris alıb sorur, onda daha kişinin nə suçu. Öyrədən olmadı. İndi xəbərin kilsədən gəlir. Barı rahat qıla bildinmi namazını ? Çaşıb kişilərə qarğış zad edəsiniz ha. Yazıqdırlar. Hərəsinin bir çətən külfəti var. Aylıq maaşla bir təhər günlərini keçirirlər. İstirahət etməyə, otdıxa zada getməyə heç vaxtları da yoxdur. Bodrum, Antalya onlar üçün bir röyadır. Sənin də ki, səsin  bir gün Məkkədən gəlir, bir gün də Berlindən. London, Nyu- York ayağının altında toz olub. Ay bala, o Obama kişini barı gedib ziyarət edəydin dənə. Deyərdin ki, ay Obama kişi, sən atan Hüseynin canına, bir bizimkilərə zəng elə, biz də şəhid imamımıza rahat ağlayaq. Nə qədər olmasa da adını daşıyır. İndi ki, hər şey tanışlıqladır. Deyəydin ki, özünü bicliyə qoyma. Bilirəm nə var, nə yox. Eh, ay dindar bala, bu dünya belə gəlib, belə də gedəcək. Heç kefini pozma. Gələn Aşurada gördün o yan, bu yandır, tay- tuşlarını, məsləkdaşlarını yığarsan başına, zakrıtı skalp qruppa açarsan. Hərə öz evində- eşiyində, bir- birinizdən ilham ala- ala əza saxlayarsınız. Bayraqdı, şüardı, ürəyiniz nə istəyir asarsınız  divarlarınızdan. Əşşi, niyə zakrıtı olur, lap elə otkrıtı olsun. İkisi də sərf eləyir. İşdi zakrıtı ola, ağsaqqallar narahat olacaq qəfil səssizlikdən. Nə qədər olmasa da açıq- aşkara göz önündə olanda bilirdilər nə var, nə yox. Məsələdən tez hali olub, tezcə də plan cızırdılar. Qapalılıq qaranlıq gətirər onlara. Yox, əgər, otkrıtı skalp qruppa yaratsanız üzvləriniz lap çoxalar. Evdə uşaq saxlayan kim, iş başında olan kim, xəstəxana, səfər və sairə eşidən- bilən qoşular. Bunların hamısını öz ətrafınızda cəm edərsiniz. Bu da ağsaqqallara sərf etməz. Bir də baxıb görərlər ki, qonum- qonşuda, qohum- əqrabada adam qalmayıb, hamısı otkrıtı skalp qruppanın üzvüdür. Binəvalar özləri tək qalıb. Bu da onların işinə yaramaz. Urus demişkən, luçşe elə məscidə getsinlər. Deyəsən, çox uzatdım. Hə, a bala, harada qaldım? Yadıma düşdü. Onu deyirdim ee :" Ye çörəyini, de əlhəmdülillah. Dünyanın dərdi sənəmi qalıb? "       

20 Temmuz 2016 Çarşamba

İlahi rəhmət

   İlahi rəhmətdən danışmaq istəyirəm. Elə bir rəhmət ki, İbrahimi Nəmrudun odundan qorudu.Ciyərparəsi İsmayılla sınağa çəkərək böyük bir şəcərə ilə mükafatlandırdı. İlahi rəhmət Yusifi hər cür təhlükələrdən, fitnədən  qoruyaraq zindanda nicat verdi. Bəli, heç təəccüblənməyin. Məhz, zindanda. Soruşacaqsınız niyə zindanda ? Çünki, zindan Yusif üçün azadlıq və rahatlıq məkanı idi. Yenə təəccüblənəcəksiniz. Zindanda azadlıq və rahatlıq nə gəzir ? Bax, burada səhv etdiniz. Mən mənəvi - ruhi rahatlıqdan danışıram.Ruhun rahatlığı elə cismin rahatlığı deyilmi ? Azadlıq, asudəlik də elə o zaman yaranır.İlahi Əyyubu da unutmadı. Öz xəzinəsindən ona səbr əta edərək böyük bir rəhmətə qovuşdurdu. Hz. Musanı unutmaqmı olar ? Hələ ana bətnində ikən qovuşdu o, ilahi rəhmətə. Dünyaya gəlişi ilahinin qüdrətini sübut etdi. Bütün həyatı boyu ilahi rəhmətdən kənarda qalmadı. Bəs, Hz. İsa ? Möcüzəli doğumu ilə bəşəri təəccübləndirdi. Anası behişt xanımı Hz. Məryəm Pərvərdigarın sevimli bəndəsi idi.Bu şərəf ona Rəbbindən verilmişdi. Hz. İsanın da şərəfli ömür yolundan rəhmət yağışı heç zaman əskik olmadı. Sevimli islam peyğəmbəri Hz. Muhəmməd ( s).  Doğumu ilə nur saçdı aləmə. Uşaq yaşlarında həyatında qəm- kədər olsa da ilahi rəhmət ondan da əskik olmadı.Hələ peyğəmbərliyinin ilk illərində təhlükələrlə, hiylə, fitnə - fəsadla üzləşdi. Amma Rəbbi onu tək qoymadı. Mübarək qəlbinə aramlıq verdi, onu müxaliflərinə qalib etdi. Bərəkətli ömrünü öz Rəbbinə həsr etdi sevgili Peyğəmbər (s.). Mükafatı rəhmət oldu.
  Onlar birmi- ikimi ? Adəmdən Xatəmədək, Xatəmdən Sahibəzzamanadək, Sahibəzzamandan bu günədək.İlahi həyatını Ona həsr edənləri heç vaxt nəzərdən qoymur. Xüsusi diqqəti olar onlara. Rəhmət yağışını çiləyər sevib seçdiklərinə.  






7 Temmuz 2016 Perşembe

Şikayət ( publisistik hekayə)

 Məscidin həyətinə daxil olanda rahatlıqla nəfəs aldı.Mobil telefonunun işıqlanma düyməsini basaraq saata bir daha nəzər saldı.Azan vaxtına lap az qalmışdı.Başını qaldırdı.Sevgi dolu baxışlarla məscidi seyr etdi.Elə bu dəm gözləri ətrafı yaşıllıqlarla dolu çarhovuza ilişdi.Qəribədir.İndiyə qədər heç bu çarhovuza diqqət etməmişdi.Bəlkə, heç vaxt fəvvarəsi işləmədiyindən və çarhovuzun həmişə susuz olmağından idi bu.Təəccübləndi.Əgər istifadə olunmursa, bunu niyə tikiblər? Elə bu dəm azan səsi ətrafı bürüdü. Bir an ayaq saxladı. İnsan ruhunu titrədən ecazkar səsin sehrinə dalıb dinləməyə başladı. İlk dəfə məscidə gəldiyi günü xatırladı.
  Həmid kişinin ailəsi 1987- ci ildə Ermənistan SSR- dən deportasiya olunan azərbaycanlı ailələrdən biri idi. Oğlu Taleh 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu.Yeganə oğlunun ölüm xəbəri belini bükmüşdü kişinin. Həyat yoldaşı Nargilə elə o zamandan büründü qara yaylığa.Oğlunun qəfil ölümünə dözə bilmirdi ana.Elə o zamandan ömrünə- gününə qara örtük çəkildi Həmid kişinin.Yurd həsrəti az imiş ki, oğul dağı da gəldi bu dərdin üstünə.Tez- tez ürək ağrısından narahat olurdu. Dərdini heç kimlə bölüşmürdü. Son vaxtlar qaraqabaq olmuşdu elə bil. Heç deyib- gülməli bir şey də yox idi. Min bir naz- nemətli Azərbaycanın rayon və kəndləri bir- bir erməni silahlıları tərəfindən işğal olunurdu. Qəbiristanlıqlar dağıdılır, əsir düşən qız- gəlinlər, uşaq və qocalar naməlum istiqamətə aparılırdı. Lap alman faşistlərindən də qəddar idi bu it uşağı. Yaxın günlərdə tükürpədici xəbər çıxmışdı ki, əsirlərin lazımlı sağlam orqanları çıxarılıb Fransaya aparılır.Qara xəbərin ardı- arası kəsilmirdi. Köçkün düşənləri gətirən maşın karvanlarının ardı- arası səngimək bilmirdi. Dolanışıq da çətinləşmişdi. Həmin günlərin birində qonşusunun oğlu onu özü ilə məscidə apardı. Elə o vaxtdan başladı yeni həyat yolu. Uca Yaradan işıq saldı onun ömür- gününə.Onu incidən, rahatlığını əlindən alan dərdini qəlbinin dərinliklərində əbədi dəfn etdi kişi. Elə o vaxtdan azan səsini eşitdikdə qəribə bir hal yaranırdı vücudunda.

                                 Əşhədü ən lə iləhə illəllah,
                                 Əşhədü ənnə Muhəmmədən Rasulullah.

 Xəyaldan ayrıldı. Başını dik qaldırıb yeyin addımlarla məscidin qapısından içəri daxil oldu. Arxa cərgələrin birində özünə yer tapdı.Bir azdan zöhr namazı bitdi.Axund xütbə söyləmək üçün minbərə qalxıb hüznlü səslə söhbətə başldı. İslamın əzəmətli peyğəmbəri Həzrəti Muhəmmədin (s.) şəhadət günü idi. Həmid kişi düqqətini toplayıb qulaq verdi.Bu günkü söhbət Rəsulullaha (s.) həsr edilmişdi. Xəyal  yenidən onu ağuşuna aldı. 
  Böyük səhralıqda toz- duman bir- birinə qarışmış, qılınc səsləri, at kişnərtisi, qışqırıqlar ətrafın sakitliyini pozmuşdu.Sanki qan su yerinə axırdı. Müsəlman ordusu müşrik ordusu ilə qarşı- qarşıya savaşa qalxmış, haqla batil üz- üzə dayanmışdı. Birdən döyüşənlərin arasında üzü nurlu, hündür boylu bir kişi gördü.Rəsulullah (s.) idi. Ətrafında onu nagəhan zərbələrdən qoruyan döyüşçülər də var idi. Bir azdan Allahu Əkbər sədaları asimana ucaldı. Müsəlman ordusu qalib gəlmişdi. Birdən Həmid kişi diksindi. Sevimli Talehini at belində gördü. Qalib cərgənin arasında idi bircəciyi. Gözlərini ovuşdurdu. Onu qara basırdı nədi. Ətrafına baxdı. Hamı diqqətlə xütbə dinləyirdi.
  Bü günkü hadisədən çox təsirləndi Həmid kişi.Yaralarının közü qopmuşdu.İçin- için ağlamaq istədi.Lakin özünü saxladı. Qədim el məsəli yadına düşdü. Kişi ağlamaz axı. Səcdəyə qapandı. Rəbbinə yalvarıb dualar etdi. Bir an beynindən sürətli bir fikir də keçdi. Rəsulullahı (s.) ziyarət etmək qərarına gəldi. Uzun illər təqaüdündən qənaət edib pul da yığmışdı.Görüşə gedirdi Həmid kişi. Şikayəti vardı...   




                                       

2 Temmuz 2016 Cumartesi

Bağışla, peyğəmbərim !






Bir təndir gördüm. Ağzı tıxaclanmış, zərihə salınmış adi bir təndir. Söylədilər sahibi zalım bir adammış.İndi təndir məscid divarları ilə əhatələnmiş. Təəccüb etdim. Zalımın evi məscidəmi dönür? Qəribədir. Sordum təndirdən.
- Söylə, nədir bu hikmət ?
Dedi : " Mən adi bir təndir idim. Məni Hüseynin (ə.) başı mübarək etdi."
Dedim : " Neylədin Hüseynin başın ? "
Dedi : " Bunu ondan soruş." Ətrafa baxdım. Kimdir  "O " ?.
Sorulacaq bir kəs görmədim.Xalılarla döşənmiş məscid də bir nişan vermədi. Üz tutdum Kərbəlaya.
Çağırdım : " Seyyidim. Ya Hüseyn. Ya Hüseyn . "
Bir səda gəlmədi. Başsız bədən danışarmı ? Təlaşlandım. Ümid etdim mövlama.
" Ya Əli. Sən sorğulara cavabsan. Mənə təndirin sirrini aç."
Dedi : " Bunu Peyğəmbərdən (s.) soruş."
Anlaya bilmədiyim bir hiss məni bürüdü. Duruxdum.Sonra özümü toplayıb çağırdım:
" Peyğəmbərim. Peyğəmbərim."
Bir səda gəldi : " İtrətim. İtrətim "
Dedim : " Mən onu görmədim "
Dedi : " Bəs, heç sevdinmi ? "
Dedim: " İstədim. Amma mərifət etmədim "
Dedi : " Bəs.Quranım ."
Dedim : " Xətm etdim."
Ani bir sükut çökdü. Sonra Peyğəmbər (s.) nalə çəkdi :
" Ah ! Əmanətim.Əmanətim."
Qəfil diksindim. Bu röyadan üşəndim.Sonra xəcalətlə  pıçıldadım :
" Bağışla, Peyğəmbərim. Bağışla."

25 Haziran 2016 Cumartesi

Nədən oruc tuturuq

     Bir çox əxlaq alimləri buyurmuşdur : " Nəfsin adı tərbiyəsizlikdir". İnsanın yaradılışında məqsəd isə onun kamilliyə dogru irəliləməsi və son hədəfə- Rəbbinə qovuşmasıdır.Kamilliyə doğru gedən yolla isə nəfsin təzkiyəsi ( yəni paklaşması) ümdə məsələlərdən biridir.Nəfsini saflayan şəxs ruhunun saflaşmasına, qəlbinin rahatlığına nail ola bilir.Saflaşmış ruha malik olan şəxs daha dərindən düşünmək qabiliyyəti qazanır, rəzil əxlaqi sifətlərdən uzaq olur,dördayaqlılar kimi yox, "insan " kimi yaşamağı əldə edir. O, bu dünyaya haradan və niyə gəldiyini və haraya gedəcəyini yəqinləşdirir. Yəqinlik qazanmış insan ibadətlərinə daha artıq diqqət göstərir.
     Həzrət Əli (ə.) rəvayət edir  ki, Həzrət Rəsulullah (s.ə.a.s.) merac gecəsində dedi: " Pərvərdigarə, ibadətin əvvəli nədir? " Buyurdu : " İbadətin əvvəli oruc tutmaq və şükr etməkdir".



Həzrət Rəsulullah (s.ə.a.s.) dedi : " Pərvərdigarə, orucun təsiri nədir ?"  Buyurdu: " Orucun təsiri hikmətdir və hikmət mərifətə səbəb olur, mərifət yəqin gətirir, insan yəqin mərhələsinə çatdıqda çətinlikdə, yoxsa asayişdə və rifahda olmasının onun üçün heç bir fərqi olmaz ".
    Siz də oruc tutursunuzmu ? Əgər tutmursunuzsa, hələ ki, gec deyil. Mübarək Ramazan ayı davam edir.Fürsəti əldən verməyin.  
  Nədən oruc tuturuq ?  Ramazan ayında oruc tutmaq Qurani Kərimin Bəqərə surəsini 183 - cü ayəsində vacib buyurulub : " Ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə olduğu kimi sizə də oruc tutmaq vacib edildi".
  Ramazan orucunun hansı hikmətləri var ? Ramazan ayındakı orucun vacib edilməsinin hikmətlərindən biri təbəqələr arasındakı bərabərsizliyi azaltmaqdır.Çünki dövlətlilər naz- nemət içində yaşadığından fəqirlərin əhvalından xəbər tutmazlar. Elə ki, oruc tutan aclığın və susuzluğun təsirini gördü, o zaman müəyyən məsələlər barədə fikirləşməyə məcbur olur.İmam Sadiq (ə.) nəql edir ki, Allah  Taala, fəqir və dövlətlinin bərabər olmalarından ötrü orucu vacib etmişdir. Çünki əgər, oruc olmasa, dövlətlinin acdan xəbəri olmaz və bununla da fəqirə təam vermək üçün məsuliyyət hiss etməz. Dövlətli istədiyi şeyi ala bilər. Ona görə də Allah Taala aclıqla fəqirlərin əziyyətlərini dövlətlilərə göstərib, onları fəqirlərlə bərabər etməkdən ötrü orucu iradə etmişdir.
   Orucun hikmətlərindən biri də insan bədəninin sağlamlığıdır.Həzrət Mühəmməd peyğəmbər (s.ə.a.s.) buyurur : " İnsanın mədəsi, hər bir dərdin mənzili, pəhrizkarlıq isə hər bir dərman   çeşməsidir ". Başqa bir yerdə buyurur : " Oruc tutun ki, sağlam olasınız ". Oruc maddələr mübadiləsi zamanı həzm olunmayan maddələri aradan aparır və bədən artıq maddələrdən təmizlənir.Müasir və qədim tibbdə oruc tutmağın müxtəlif növ xəstəlikləri müalicə etməsi sübut olunmuşdur. Rus alimi Aleksey Soforin öz kitabında belə yazır : " Oruc tutmaq bir çox xəstəliklərin, o cümlədən, qan azlığı, bağırsaqlardakı nasazlıq, uzun sürən iltihab, daxili və xarici  şiş və civanlar, vərəm, skleroz, revmatizm,göz  xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək, ciyər, habelə sair xəstəliklərin müaligə olunmasında son dərəcə müsbət təsirə malikdir. Oruc vasitəsilə müalicə olunmaq heç də sadalanan xəstəliklərlə bitmir. O həm də insan orqanizminin birinci dərəcəli üzv və toxumaları ilə qarışan xərçəng, sifilis, vərəm, taun və bu kimi digər xəstəlikləri də müalicə edir  ( "Oruc- xəstəliklərin yeni müalicə üsulu" kitabından )