Bu Blogda Ara

29 Kasım 2020 Pazar

Fışqırıq bəlası

 

       Neçə gündür əhvalım yaman qarışıb. Fit çala bilmirəm. Əllərimi, barmaqlarımı nə   qədər işlətsəm də bacarmıram ki, bacarmıram.  Dişlərim də qəsdimə durub elə bil. Hər dəfə barmaqlarımı tuşlayıb ağzıma qoyar- qoymaz  özümü elə itirirəm ki, dişlərim barmaqlarımı gəmirir. Uzun sözün qısası yaman günə qalmışam.  Bu səbəbdən nə şəhidlər xiyabanına gedə bildim,  nə də bir dəfn mərasimində iştirak etdim. Çox qorxurdum. Birdən, işdi- şayəddi camaat yığıla fışqırıq çala mən kənarda qalam. Biabır ollam ki. Yuxularım da ərşə çəkilmişdi. Bu hoqqa  haradan gəldi başıma. Mən binəva başıma haranın külünü töküm ki, bir fışqırıq nədir onu bacarmıram.    Axır, bir gün elə bil cin vurdu beynimə. Durdum getdim şəhər  qəbristanlığına. Fikirləşirdim ki , qəbirləri, baş daşıları görüb, bəlkə cuşə gəlib fit çala bilərəm. Nəhayətdə bu üzüntüdən də qurtarmış olaram. Nə başınızı ağrıdım. Qəbiristanlığın başından barmaqlarımı qoşalaşdıraraq ağzıma yaxınlaşdırıb var gücümlə üfləyə- üfləyə iri addımlarla içərilərə doğru irəlilədim. Hələ qulaqlarımı da  şəklədim ki, ilk fışqırıq sədalarımı yaxşı eşıdəm. Bir xeyli getmişdim. Dörd tərəfim məzarlıq idi. Birdən elə bil qulaqlarıma qışqırıq səsləri gəldi. " Ay bala, niyə narahat edirsən  bizi. Bir fatihə, salavat deyə bilmirsən,  barı həşr qoparma. Qoy yataq." Duruxub qaldım. Elə bil məzarlıqda uyuyan ruhların etiraz səsi idi bu səslər. " Ay bala, nə mat- mat baxırsan. Bizi əzizlərimiz göz yaşları ilə, sinəzənlərlə, Quranla   gətirib tapşırıb bura. İndi niyə bizə zülm edirsən." Qorxudan az qala gözlərim oyuğundan çıxdı. Başımı tutub götürüldüm. Təngnəfəs qəbristanlıqdan çıxıb  avtomobil yoluna çatdım. Qarşıma ilk gələn avtobusa özümü çatdırmaq istəyirdim  ki,  birdən ətrafdan cingiltili fit səsi gəldi. Az qala nəfəsim kəsildi. Elə bu dəm kiminsə məni silkələdiyini hiss etdim. " Ay uşaq, maskanı yuxarı qaldır." O anda elə bil yuxudan ayıldım. Yaşlı bir kişi idi. Əli ilə kiməsə işarə edirdi. Dönüb baxanda ağzında    fit tutan bir polis işçisinin  əlindəki çubuğu qaldırıb mənə tərəf silkələdiyini gördüm. Tez- tələsik çənəmdən də aşağı düşmüş maskamı yuxarı qaldırıb özümü qarşımda dayanan avtobusun ilk oturacağına atdım. Sevinirdim. Yaxşı qurtarmışdım.

8 Kasım 2020 Pazar

                                         

                                                Gözün aydın , Azərbaycan xalqı ! 

                                                Gözün aydın, xan Şuşa ! 

                                                Yağı düşmən  qovuldu.