Bu Blogda Ara

21 Eylül 2016 Çarşamba

Sevgi


     O, onu xəlq edənin sevdiyi hər şeyi və hər kəsi sevirdi. Sevgi onun ruhunda idi. Məzluma olan mərhəməti də sevgisindən doğurdu, yetimə, dula, kora, xülasə, hər cür fəqir- füqəraya olan lütf- ehsanı da. Səcdədə ağlamağı, zikr zamanı bayılmağı, rukudakı üzük ehsanı belə sevgisindən idi. Müharibələrdə kafir qarşısında nə qədər çılğın və döyüşkən idisə də, adi həyatda mehriban və sakit idi. Hətta cahilə də mərhəmətli idi. Çünki, cahilin məhz, cahil olduğuna görə mərhəmətə ehtiyacı oluğunu  başa düşürdü. Qəlbi- ruhu mehr- məhəbbətlə yoğrulmuşdu. Müsəlmanların vəhdətdə olması üçün, islamın və islam xilafətinin qorunub saxlanılması üçün haqqından belə keçdi. Çünki, onu sevməyənlərə belə mərhəməti vardı. Dünyanın qəribə, çox qəribə işləri olur bəzən. Bütün varlığı ilə xidmət etdiyi, qoruduğu din məhz, sevgi üstündə tənəzzülə uğradı. Özü də məhz, ona olan sevgiyə görə. Sevənləri ayrıldı onu sevməyənlərdən, yoxsa, əksinə sevməyənlərmi ayrıldı onu sevənlərdən. Hər halda bu oldu. Bilsəydi bu qədər ayrılıqlar, parçalanmalar, qan- qadalar olacaq elə sağlığında "sevməyin məni, amma, bir olun, birgə olun" deyərdi. Qəlbi o qədər böyük idi ki. Ölümündən sonra nələr, nələr oldu. Sevdiyi ümmət sevgidən məhrum oldu. Bu məhrumiyyət çox geri saldı müsəlmanları. Sevgisizlik o qədər dərinləşdi ki, mərhəmət də unuduldu. Din siyasətə, şan- şöhrətə, ya da biznesə xidmət yollarını tutdu. Eyni məscid tavanı altında ibadət edənlər onu  "sevdilər", amma bir- birilərini sevmədilər. Onu sevənləri sevməmək elə onun özünü sevməməkdir. Onu incitməkdir, küsdürməkdir. O isə, bunu haqq etmədi. Haqqını özünə verin. Nədən elə hey, hər kəs onun haqqını kəsir. Din nə xobbidir, nə məşğuliyyət. Nə siyasi cərəyan, nə də biznes. Şan- şöhrətə də xidmət etmir. Din- Uca Tanrının qoyduğu yoldur bizlərə. Mərhəmətlə, sevgi ilə elə mərhəmətin, sevginin özünə qovuşmaq üçün. 
    Bu, Peyğəmbər (s.) canişininin qoruduğu yoldur. Bu, Əlinin (ə.) yoludur.  

Gəlin Quran öyrənək. Dərs 11. Huməzə surəsi

Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Huməzə surəsinin tədrisi

19 Eylül 2016 Pazartesi


17 Eylül 2016 Cumartesi

Böyük kişilər


    Həcc ziyarəti başa çatdı. Həcc əməli kimi şeytana da daş atdı hacılar. O yerdə ki, Həzrəti İbrahim (ə.) ona vəsvəsə edən şeytanı daşlamışdı, bu günün hacıları də həmin əməli hər il eyni yerdə təkrarlayır. Simvolik olan bu hadisənin fəlsəfəsi əslində, öz nəfsinə daş atmaqdır. Təkəbbürünü, kin- küdurətini, hər cür rəzil xüsusiyyətlərini, istər kiçik olsun, istər böyük, istər aşkar olsun, istərsə də gizli daşa basıb, bunu hər yerdən addımbaaddım onu izləyən şeytanına nümayiş etdirməkdir. Təkcə nümayişmi ? Yox, bu az oldu. Sonra Hacı Rəbbi ilə razu- niyaz edər, tövbə edib günahlarının bağışlanmasını istər.Dəfələrlə kiçikliyini bəyan edər. Bu həqiqəti başa düşdüyünü dili ilə izhar edər.Həcc əməllərini yekunlaşdırıb üz tutar vətəninə. Dost- tanış, qohum- əqrəba görüşünə tələsər, " həcin qəbul , Həci" deyər. Bu bir ədəb- ərkan qaydasıdır. Niyyətdir, arzudur Hacı üçün yaxınlarından, tanış- bilişindən. Həccin  qəbuldursa, deməli, günahların bağışlanıb, sanki, yenicə doğulmuş körpə kimisən. Saf, təmiz. Belə deyilir. Amma, əgər həccin qəbuldursa, mütləq şərt olan qəbulluq məsələsi özü xırdalanır, əslində böyük olan mərhələlərdən keçir. Pulun halal olmalı. Bunu hamı bilir. Üstündə xums borcu belə olmamalıdır. Digər əsas məsələlərdən biri  həccə gedənin boynunda həqqünnas olmamalıdır. Yəni, insanların haqqını cüzi də olsa qəsb etmisənsə, incitmisənsə deməli, boynunda həqqünnas qalıb. Gərək nahaq yerə incitdiyin hər kəsin haqqını yerinə qoyub, halallıq alıb, sonra heybəni atasan çiyninə.Çünki, Uca Allahın ədaləti o qədər böyükdür ki, bir bəndəsinin haqqını tapdayıb, onu əzib keçənlərə böyük mərhəmət göstərməz. Uzağı səbr edər. Düşünüb- daşınıb, günahını anlayıb, səhvini düzəltməyə zaman verər. Günahkarı hər addım başı da cəzalandırmaz. Onda Yerin nizamı pozular, xaotik vəziyyət yaranar. Uca Rəbbimiz əzəldən, məxluqu ilə  təyin etdiyi sünnəyə uyğun rəftar edər. 
   Qayıdaq ağ ehramlı, ağ libaslı  " həci"mizə. Ağ rəngin işıltısındanmı, yarı qibtə, yarı həsəd dolu baxışlardanmı, nədəndirsə şişər " həci". O qədər  şişər ki, könlünə bəylik, ağalıq, qadındırsa,  xanımlıq düşər. Məclislərdə "həci( həcixanım) orada oturma, burada otur" xitablarına da yavaş- yavaş adət edər. O qədər adət edər ki, başqalarını özünə borclu bilər, mütləq yuxarıda oturmaq adətini qazanar. İşdi- şayəddi bir vəzifə sahibi ola, yaxud da bir ticarət obyekti " fırlada" onda, gəl tamaşasına. Özü öz boynuna ağalıq, bəylik, xanımlıq libası biçər. Bunun zahirini demək istəyirəm. Özünü keçmişin ağalarına, bəylərinə, xanımlarına bənzədər. Ya da ki, ali dərəcəli möminə. Daha nə bilim nələr, nələr.. Daşladığı şeytanı, Ərəfatdakı razu- niyazı, Kəbə təvafının əzəmətini, Mədinədə Həzrət Mühəmmədlə (s.) görüşünü də unudar. Dəqiqliyini axtardıqda bu görüşlərin, mənəvi görüş olub- olmadığı naməlumdur. Böyüklük nümayiş etdirən " həci, həcixanım" bir şeyi unudar. Bəlkə də heç bunu bilməz, heç bilmirdi də. Böyüklük böyük kişilərə, böyük şəxsiyyətlərə yaraşar. Daxili böyük olan qarşısındakının qabağında təvazö edər, əsil təvazö. Bəli, yanılmadınız. Əsil təvazö. Çünki, yalançı təvazö, yalançı səmimiyyət göstərənlər də az deyil. Böyük kişilər, böyük insanlar Həccə getsə də, getməsə də böyükdür. O, böyüklüyünü qapısında qazanır. Sadə, saf ürəyi , canı yananlığı ilə, öz nöqsanından nəticə çıxarmaq qabiliyyəti ilə, kinsizliyi, xoş əxlaqı ilə, qarışqanı belə incitməkdən qorxar böyük kişilər. Nəinki, illərin, yaxın zamanın belə ədavəti ona yad olar. Xainlik onlardan uzaq olar." İgid yıxdığını kəsməz" deyib atalar. Böyük kişilər yadelli düşmənlə güləşər. Arxasıza arxa olar. Böyük kişilər, böyük insanlar alicənablığın zirvəsində durar. Ona qarşı hörmətsizlik edəni, cahillik edib onu " çırpmaq" istəyəni belə bağışlar. Çünki qəlbi saf su kimi pakdır. Dəstəmazda o, zahirdədir. Batini nurdadır. Onlar özünü kiçik bilər, amma, böyük olar. Onlar Peyğəmbərin (s.), Əhli- beytin (ə.) əsil davamçılarıdır. 
     Yaxşı ki, yaxşılar var.
     Yaxşı ki, yaxşılıq var.
     Yaxşı ki, əzəl- axır bir haqq- hesabın olacağına insanda ümid var.
     Pislər pisliyin etsin...           

1 Eylül 2016 Perşembe

Şeypurda İsrafildir.

  Müqəddəs Qurani Kərim dinimizin bütün vacibatlarını və qadağalarını aşkar şəkildə bəyan edib. 
" Müsəlmanam", " müsəlman oldum", " təslim oldum" kimi ifadələrlə özünün islama sadiqliyini bildirən hər bir kəs onun bütün şəri ehkamına əməl etməyə çalışmalı, ən azından cəhd göstərməlidir. Ehkami vacibatlardan biri qadın- qızların hicabıdır. Qurani Kərim Nur surəsinin 31, Əhzab surəsinin  59- cu ayələrində bu barədə məlumat verib. 
  " Hicab " dediyimiz nədir? Bu kəlmənin lüğəti- terminoloji mənaları haqqında uzun- uzadı söhbət açmaq fikrim yoxdur.Ucundan- qulağından bunu çoxları bilir. Bilir deyərkən, yəni xəbəri var.
  90- cı illərdən etibarən Azərbaycanda müsəlman xanımların geyim mədəniyyətində bəzilərinin "köhnəlik" dediyi, bəzilərinin isə " dinə qayıdış " adı ilə yeni dalğası başladı. O zamanlar " hicab" və "hicab geyim mədəniyyəti" bir çoxlarına qəribə görünürdüsə də, bu gün artıq buna hər kəs alışıb. Niyə də alışmasın. Qloballaşmağa doğru getdiyimiz bir zamanda, daha doğrusu artıq qloballaşdığımız bir vaxtda geyim mədəniyyətimiz niyə bu hərəkatdan geri qalmalıdır. Hər xalq bir- birini öyrətsə, ya da əksinə öyrənsə , bunun nəyi pisdir ki. Bu minvalla islami geyim tərzimiz qloballaşa- qloballaşa müxtəlif istiqamətlərdə öz axarını tapdı.
  İllər öncə televiziya kanallarımızın birində Braziliya teleserialının baş qəhrəmanı  olan Hade özünün "nümunəvi islami geyim tərzi" ilə Azərbaycana səs saldı. Əsl məqsədi islam dinini gözdən salmaq, təhrif etmək olan serialın yaradıcı heyəti öz məqsədinə azdan- çoxdan çatmışdı. İllərlə davam etdi Hadenin qalıqları. Nəsillər yaşlanıb dəyişdikcə Hade də unuduldu. Lakin izi- iyi qaldı. Bir az da böyüdü, dəyişdi. Dönüb bir baxıram hicabımıza. Bu günün hicablısı daha yeni konteksdən yanaşır öz geyim tərzinə. Nəzərə alsaq ki, Yer kürəmiz, dünyamız da modernləşir, yeni texnologiyalar zaman- zaman köhnəlir, daha yenisi meydana çıxır, burada təəccüblü bir şey görünməz. Xalq mahnılarımız da elə oranjeman olunub modernləşir. Hicab oranjeman olunsa nə olur ki. Nə oldu da.. Avropa geyim mədəniyyətini özündə əks etdirməyə çalışan islami geyim mədəniyyətimiz bu gün kontrabasdadır. 
  Bir müddət öncə Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar arasında Fatimə, Zəhra, Yusif, Mühəmməd, Əli, Hüseyn kimi adlar sadalandı. Amma bir gün yol gedərkən Fatimə- Anjella deyə arxadan nagahan bir səs eşitsəniz, heç təəccüblənməyin. Adlarımız, ismlərimiz də oranjeman olunmalıdır. Ənlikli- kirşanlı, dodağı boyalı hicablılarımızın  uyğunlaşmasıdır. Belə də olmalıdır.Hər barmağının dırnaqları ayrı- ayrı rənglə rənglənən, ya da hər bir dırnağının fərqli- fərqli rəngləri olan əllərdən tutan Fatimə yox, Fatimə- Anjella olmalıdır. Amma bir şeydən qorxuram. Qorxuram ki, İsrafil də dözə bilməyib əmrsiz, buyuruqsuz "внезапно" (vnezapno )  şeypurunu çala. Niyə də şeypur olmasın. Kontrabasın qabağında ancaq şeypur olar. Bir də ki, surla şeypurun nə fərqi. Əsas onun çalmağıdır. Amma bir gözləntimiz qala...
   Yaxşı ki, yaxşılar var...

Gəlin Quran öyrənək. Dərs 9. Kövsər surəsi.

Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Kövsər surəsinin tədrisi