Bu Blogda Ara

9 Mart 2020 Pazartesi

Bu, lap ağ oldu ( hekayə)


Gülmirzənin hövlanak həyətə daxil olmağı ilə lo düşməyi bir oldu.Qonum-qonşu elə bil çaxnaşmaya düşdü ki, Gülmirzə özü də mat qaldı. Ədə , nə olmuş ? Bəs, Torqovıda həşr qopmuş. Gülbadamla Gülbikənin qız nəvələri də orada imiş.Gülmirzənin özü gözləri ilə görüb onları.Əllərində rəngli bayraqlarla çığıra - çığıra düşüblər küçələrin canına. Gülmirzə deyir ki, özüm onların arxasınca bir xeyli getdim. Əməlli- başlı izdiham vardı. Əvvəl, məsələni başa düşmədim. Sonradan- sonraya anladım ki.. Bu dəmdə Gülbala kişi həyətdə qopan vay- şivənə boynunu eyvandan çölə uzatdı. Eynəyini gözlərinə taxıb bir xeyli baxdı. Camaat onu görüncə duruxdu. Gülbala kişi başa düşdü ki, torbada pişik var. Eləmə tənbəllik əsasını götürüb azacıq əyilmiş belini dikəltməyə çalışaraq taxta pillələrlə ehmalca aşağı düşdü. Gülbala kişi Gülmirzənin qənşərinə çatmışdı ki, Gülsabahla Gülsənəm əl çala- çala qışqırtı, çığırtı qarışıq hay- küylə həyətə daxil oldular. Onlar "Azadlıq, azadlıq. Sən uşağa bax, biz səhərə qədər şəhərdə əylənəcəyik" deyə çığırışaraq ayaqlarını yerə vurarkən Gülbala kişi düşündü ki, bu da onların yeni rollarıdır. Arabir şou proqramlara  çəkilirdilər axı. Elə bu dəm uçastkovı Gülverdi göründü. Əllərini arxaya çarpazlamış halda iri qarnını dikəldərək aram- aram həyətə keçdi. Gülsabahla Gülsənəm onu görcək bir az da şövqlə təpiklərini yerə döyəcləməyə başladılar. Ətrafa toplaşanların da  heç bir şey anlamadıqlarından gözləri bərələ qalmışdı . Uçastkovı Gülverdi bir xeyli bu həngaməyə baxaraq üzünü çevirib getdi. Amma gedərkən barmaqlarını qaldırıb silkələməyi də unutmadı. Gülbala kişi sini az qala yüzü keçmişdi  hələ ömründə belə haqq- hesab görməmişdi. Gülbadamla Gülbikə dayıları olan Gülbala kişidən sarı qorxuya düşdülər. Kişinin cinləri qalxar bir dəlilik edər. Nəmxuda hələ canında su var. Gülbala kişi hələ də bir şey anlamayaraq səkiyə çökdü. Əsasına söykənərək fikrə getdi. Atası rəhmətlik  Gülabbas kişi yadına düşmüşdü. Sağlığında Gülabbas kişi oğlu Gülbalaya hələ uşaq yaşlarında teatroya həvəsli olduğundan bəhs edər, rəhmətlik Cəfər Cabbarlının Sevil əsərinin  az qala hər kəlməsini əzbərlədiyini fəxrlə söylərdi. Ailələri çoxuşaqlı idi. Atasına kömək qəsdi ilə teatrodan afişaları götürər , sütunlara yapışdırar , bununla da xırdaca canı ilə çaq- çuq edərmiş. O vaxtdan teatroya maraq göstərirmiş. Sevilin çadrasını atıb eləcə, başaçıq qalmasını gəlib evdə nəql edərkən atası çox acıqlanıbmış hələ ona. Gülbala kişi bütün bunları xatırlaya- xatırlaya hələ də məsələnin nə olduğunu anlamamışdı ki, təzəcə sakitləşmiş məhləyə yenə lo düşdü. İndi nə oldu balam. Nə olsa yaxşıdır. Deməsənmiş məhlənin uşaqları evdə dustaq olub oturmaqdan bezib , onlar da "azadlıq , koronaya yox" şüarları ilə cuşə gəlib. O gecə Gülmirzə bir  küncə çəkilib qul bazarında çalışıb bir təhər köpük- köpük yığıb aldığı telefonla gündüz gördüyü hadisələri şövqlə izləyib  arabir qəşş edib gülərkən Gülbala kişi sabaha qədər sümükləri sızıldaya- sızıldaya sayıqladı .  Arabir, " Cəfər qağa, sən belə deməmişdin axı, bu, lap ağ oldu" deyərək səslənirdi. Səhər məhləyə yenə lo düşdü. Gülbala kişi rəhmətlik olmuşdu. 

Kəmalə Zeynəbinur 
2020, 9 mart 

8 Mart 2020 Pazar

Bir 8 Mart diləyi


Şəxsiyyət vəsiqəmdən boylanan fotoşəklimə baxıram, Hicablı olduğum halda hicabsız çəkdirdiyim şəkilə. Niyə hicabsız? Çünki bu ölkənin qanunlarına görə kimliyin başı açıq çəkilmiş fotoşəklinlə təsdiq olunmalıdır. Bəli, bu mənəm. Öz ölkəmin vətəndaşı. Şəklim mənə baxır, mən isə bu baxışların geridə buraxdığı illərə. Mən o adamam ki, bir zaman 8 Mart ərəfəsində sevimli müəllimlərimə hədiyyə verər, ya da bunu təşkil edərdim. Xəsis və diqqətsiz parta yoldaşımın gizlicə çantama qoyacağı hədiyyə gözləntisi isə bir başqa aləm idi. Qardaşlarımın hədiyyə etdiyi dəftər, qələm, yapışqan və bu kimi məktəb ləvazimatları heç yadımdan çıxmır. Özümün isə əziz anama elə  onun özündən aldığım pulla və onun özünəcə   bağışladığım hədiyyə. Bir qədər yuxarı siniflərdə oxuduğum zaman Pribaltika şəhərləri və Almaniyanın Atlansberq şəhərində yaşayan, adını çoxdan unutduğum qızlarla dostluq məktublaşmalarında 8 Mart öncəsi dükandan açıqca alar və arxasına yazardım:" Doroqaya ....! Pozdravlyayu tebya s 8- ovo Marta. Jelayu tebe şastye ,blaqopoluçie ,zdorovye .." və sairə- sairə. Əvəzində də eyni bir təbrik açıqcası gözlərdim və alardım . Sonralar 8 Mart diləklərimiz həyata keçmədi.  Müharibə illərinin odu- alovu hamı kimi mənim də həyatımı bürüdü. O zamanlar gündə üç dəfə kiçik boşqabda yediyimiz noxud, anamın çay əvəzi dəmlədiyi , bizim də birtəhər içdiyimiz bağayarpağı dəmləməsi bir yana, AXC - nin maaş əvəzi atama verdiyi kompot balonu indi də gözümün önündədir . Lap əvvəllər yaşadığımız evin yaxınlığında olan , uşaq vaxtı gəzib dolaşdığım, xoş xatirələrimi yaşadan ərazidə indi dəcəl sinif yoldaşlarımın , yaxın- uzaq qohum- əqrabaların, tanış- bilişlərin portretərini yaşadan şəhid  qəbiristanlığı yerləşir  O zamanlar, hələ sahibi gəlməmiş, yan- yana qazılan  qəbirlər insanın qəlbinə bir vahimə salırdı. Biz bunu nə 8 Martda, nə də "Novıy qod"da  arzuladıq. Heç ağlımıza da gəlmədi. Amma bu oldu. O vaxtdan bir xeyli vaxt keçir. İndi nə " Novıy Qod", nə də 8 Mart arzularım, açıqcalarım  var . 
Şəxsiyyət vəsiqəmdəki fotoşəklimlə baş- başa qalaraq bütün bunları xatırladım. 
Bu gün, 8 mart günü Ana Vətənimin 8 Martı qeyd edən və etməyən , gözləyən və gözləməyən , imanlı və az inanclı xanımlarına bir 8 Mart diləyim var: 
" Əziz ana və bacılar, sevimli qadınlar! 
Ömrünüzün hər bir anı bərəkətlə dolsun. Həyatınızın şirin hədiyyə gözləntiləri Uca və Pak Rəbbimizdən olsun. Ömrünüz müharibənin qan- qadası , qorxu və vəhşətindən solmasın." 
Sevgi və riqqətlə : Kəmalə Zeynəbinur.
8 Mart, 2020