Bu Blogda Ara

19 Eylül 2016 Pazartesi


17 Eylül 2016 Cumartesi

Böyük kişilər


    Həcc ziyarəti başa çatdı. Həcc əməli kimi şeytana da daş atdı hacılar. O yerdə ki, Həzrəti İbrahim (ə.) ona vəsvəsə edən şeytanı daşlamışdı, bu günün hacıları də həmin əməli hər il eyni yerdə təkrarlayır. Simvolik olan bu hadisənin fəlsəfəsi əslində, öz nəfsinə daş atmaqdır. Təkəbbürünü, kin- küdurətini, hər cür rəzil xüsusiyyətlərini, istər kiçik olsun, istər böyük, istər aşkar olsun, istərsə də gizli daşa basıb, bunu hər yerdən addımbaaddım onu izləyən şeytanına nümayiş etdirməkdir. Təkcə nümayişmi ? Yox, bu az oldu. Sonra Hacı Rəbbi ilə razu- niyaz edər, tövbə edib günahlarının bağışlanmasını istər.Dəfələrlə kiçikliyini bəyan edər. Bu həqiqəti başa düşdüyünü dili ilə izhar edər.Həcc əməllərini yekunlaşdırıb üz tutar vətəninə. Dost- tanış, qohum- əqrəba görüşünə tələsər, " həcin qəbul , Həci" deyər. Bu bir ədəb- ərkan qaydasıdır. Niyyətdir, arzudur Hacı üçün yaxınlarından, tanış- bilişindən. Həccin  qəbuldursa, deməli, günahların bağışlanıb, sanki, yenicə doğulmuş körpə kimisən. Saf, təmiz. Belə deyilir. Amma, əgər həccin qəbuldursa, mütləq şərt olan qəbulluq məsələsi özü xırdalanır, əslində böyük olan mərhələlərdən keçir. Pulun halal olmalı. Bunu hamı bilir. Üstündə xums borcu belə olmamalıdır. Digər əsas məsələlərdən biri  həccə gedənin boynunda həqqünnas olmamalıdır. Yəni, insanların haqqını cüzi də olsa qəsb etmisənsə, incitmisənsə deməli, boynunda həqqünnas qalıb. Gərək nahaq yerə incitdiyin hər kəsin haqqını yerinə qoyub, halallıq alıb, sonra heybəni atasan çiyninə.Çünki, Uca Allahın ədaləti o qədər böyükdür ki, bir bəndəsinin haqqını tapdayıb, onu əzib keçənlərə böyük mərhəmət göstərməz. Uzağı səbr edər. Düşünüb- daşınıb, günahını anlayıb, səhvini düzəltməyə zaman verər. Günahkarı hər addım başı da cəzalandırmaz. Onda Yerin nizamı pozular, xaotik vəziyyət yaranar. Uca Rəbbimiz əzəldən, məxluqu ilə  təyin etdiyi sünnəyə uyğun rəftar edər. 
   Qayıdaq ağ ehramlı, ağ libaslı  " həci"mizə. Ağ rəngin işıltısındanmı, yarı qibtə, yarı həsəd dolu baxışlardanmı, nədəndirsə şişər " həci". O qədər  şişər ki, könlünə bəylik, ağalıq, qadındırsa,  xanımlıq düşər. Məclislərdə "həci( həcixanım) orada oturma, burada otur" xitablarına da yavaş- yavaş adət edər. O qədər adət edər ki, başqalarını özünə borclu bilər, mütləq yuxarıda oturmaq adətini qazanar. İşdi- şayəddi bir vəzifə sahibi ola, yaxud da bir ticarət obyekti " fırlada" onda, gəl tamaşasına. Özü öz boynuna ağalıq, bəylik, xanımlıq libası biçər. Bunun zahirini demək istəyirəm. Özünü keçmişin ağalarına, bəylərinə, xanımlarına bənzədər. Ya da ki, ali dərəcəli möminə. Daha nə bilim nələr, nələr.. Daşladığı şeytanı, Ərəfatdakı razu- niyazı, Kəbə təvafının əzəmətini, Mədinədə Həzrət Mühəmmədlə (s.) görüşünü də unudar. Dəqiqliyini axtardıqda bu görüşlərin, mənəvi görüş olub- olmadığı naməlumdur. Böyüklük nümayiş etdirən " həci, həcixanım" bir şeyi unudar. Bəlkə də heç bunu bilməz, heç bilmirdi də. Böyüklük böyük kişilərə, böyük şəxsiyyətlərə yaraşar. Daxili böyük olan qarşısındakının qabağında təvazö edər, əsil təvazö. Bəli, yanılmadınız. Əsil təvazö. Çünki, yalançı təvazö, yalançı səmimiyyət göstərənlər də az deyil. Böyük kişilər, böyük insanlar Həccə getsə də, getməsə də böyükdür. O, böyüklüyünü qapısında qazanır. Sadə, saf ürəyi , canı yananlığı ilə, öz nöqsanından nəticə çıxarmaq qabiliyyəti ilə, kinsizliyi, xoş əxlaqı ilə, qarışqanı belə incitməkdən qorxar böyük kişilər. Nəinki, illərin, yaxın zamanın belə ədavəti ona yad olar. Xainlik onlardan uzaq olar." İgid yıxdığını kəsməz" deyib atalar. Böyük kişilər yadelli düşmənlə güləşər. Arxasıza arxa olar. Böyük kişilər, böyük insanlar alicənablığın zirvəsində durar. Ona qarşı hörmətsizlik edəni, cahillik edib onu " çırpmaq" istəyəni belə bağışlar. Çünki qəlbi saf su kimi pakdır. Dəstəmazda o, zahirdədir. Batini nurdadır. Onlar özünü kiçik bilər, amma, böyük olar. Onlar Peyğəmbərin (s.), Əhli- beytin (ə.) əsil davamçılarıdır. 
     Yaxşı ki, yaxşılar var.
     Yaxşı ki, yaxşılıq var.
     Yaxşı ki, əzəl- axır bir haqq- hesabın olacağına insanda ümid var.
     Pislər pisliyin etsin...           

1 Eylül 2016 Perşembe

Şeypurda İsrafildir.

  Müqəddəs Qurani Kərim dinimizin bütün vacibatlarını və qadağalarını aşkar şəkildə bəyan edib. 
" Müsəlmanam", " müsəlman oldum", " təslim oldum" kimi ifadələrlə özünün islama sadiqliyini bildirən hər bir kəs onun bütün şəri ehkamına əməl etməyə çalışmalı, ən azından cəhd göstərməlidir. Ehkami vacibatlardan biri qadın- qızların hicabıdır. Qurani Kərim Nur surəsinin 31, Əhzab surəsinin  59- cu ayələrində bu barədə məlumat verib. 
  " Hicab " dediyimiz nədir? Bu kəlmənin lüğəti- terminoloji mənaları haqqında uzun- uzadı söhbət açmaq fikrim yoxdur.Ucundan- qulağından bunu çoxları bilir. Bilir deyərkən, yəni xəbəri var.
  90- cı illərdən etibarən Azərbaycanda müsəlman xanımların geyim mədəniyyətində bəzilərinin "köhnəlik" dediyi, bəzilərinin isə " dinə qayıdış " adı ilə yeni dalğası başladı. O zamanlar " hicab" və "hicab geyim mədəniyyəti" bir çoxlarına qəribə görünürdüsə də, bu gün artıq buna hər kəs alışıb. Niyə də alışmasın. Qloballaşmağa doğru getdiyimiz bir zamanda, daha doğrusu artıq qloballaşdığımız bir vaxtda geyim mədəniyyətimiz niyə bu hərəkatdan geri qalmalıdır. Hər xalq bir- birini öyrətsə, ya da əksinə öyrənsə , bunun nəyi pisdir ki. Bu minvalla islami geyim tərzimiz qloballaşa- qloballaşa müxtəlif istiqamətlərdə öz axarını tapdı.
  İllər öncə televiziya kanallarımızın birində Braziliya teleserialının baş qəhrəmanı  olan Hade özünün "nümunəvi islami geyim tərzi" ilə Azərbaycana səs saldı. Əsl məqsədi islam dinini gözdən salmaq, təhrif etmək olan serialın yaradıcı heyəti öz məqsədinə azdan- çoxdan çatmışdı. İllərlə davam etdi Hadenin qalıqları. Nəsillər yaşlanıb dəyişdikcə Hade də unuduldu. Lakin izi- iyi qaldı. Bir az da böyüdü, dəyişdi. Dönüb bir baxıram hicabımıza. Bu günün hicablısı daha yeni konteksdən yanaşır öz geyim tərzinə. Nəzərə alsaq ki, Yer kürəmiz, dünyamız da modernləşir, yeni texnologiyalar zaman- zaman köhnəlir, daha yenisi meydana çıxır, burada təəccüblü bir şey görünməz. Xalq mahnılarımız da elə oranjeman olunub modernləşir. Hicab oranjeman olunsa nə olur ki. Nə oldu da.. Avropa geyim mədəniyyətini özündə əks etdirməyə çalışan islami geyim mədəniyyətimiz bu gün kontrabasdadır. 
  Bir müddət öncə Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar arasında Fatimə, Zəhra, Yusif, Mühəmməd, Əli, Hüseyn kimi adlar sadalandı. Amma bir gün yol gedərkən Fatimə- Anjella deyə arxadan nagahan bir səs eşitsəniz, heç təəccüblənməyin. Adlarımız, ismlərimiz də oranjeman olunmalıdır. Ənlikli- kirşanlı, dodağı boyalı hicablılarımızın  uyğunlaşmasıdır. Belə də olmalıdır.Hər barmağının dırnaqları ayrı- ayrı rənglə rənglənən, ya da hər bir dırnağının fərqli- fərqli rəngləri olan əllərdən tutan Fatimə yox, Fatimə- Anjella olmalıdır. Amma bir şeydən qorxuram. Qorxuram ki, İsrafil də dözə bilməyib əmrsiz, buyuruqsuz "внезапно" (vnezapno )  şeypurunu çala. Niyə də şeypur olmasın. Kontrabasın qabağında ancaq şeypur olar. Bir də ki, surla şeypurun nə fərqi. Əsas onun çalmağıdır. Amma bir gözləntimiz qala...
   Yaxşı ki, yaxşılar var...

Gəlin Quran öyrənək. Dərs 9. Kövsər surəsi.

Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Kövsər surəsinin tədrisi

24 Ağustos 2016 Çarşamba

Böyüklər belə deyirdi... Yaxud cinlər haqqında kiçik bir araşdırma.

   Yadımdadır, uşaqkən böyüklər bizə qırmızı paltarı dolabdan asarkən sancaq, iynə taxmağı tövsiyə edərdilər.Deyilənə görə cinlər aparıb geyinir, "ooraxdan, şaxdan salır". Yatarkən qorxmamaq üçün yastığa sancaq, iynə taxmaq tövsiyə olunurdu.Ümumiyyətlə, " gecə ikən qırmızı rəngli geyimlə yatmaq bəyənilmir" deyirdilər.Mən belə eşitdim. Çünki qırmızı rəng cinlərin sevimli rəngidir. Hətta uşaqkən cinlərin insanlarla bağlı doğrumu- yalanmı bilmirəm müxtəlif əhvalatlarını da eşitmişəm. İnsan düşüncəsində yer tutan bu cin məsələsi nə idi axı. Uzun zaman bu məsələ mənim üçün qaranlıq qaldı. Lakin bu gün mən öz oxucularıma cinlər haqqında kiçik bir məqaləmi təqdim etmək istəyirəm.
    Lüğətdə " cin " sözü "cən" sözündən götürülmüş, mənası "gizlənmək" deməkdir." İns"in "gözlə görünənin" əksi olaraq cin "gözə görünmür".
   Qurani Kərimdə buyurulur :

" Və cini də tüstüsüz oddan ( və ya odun bir qığılcımından) yaratdıq."
             
                  Rəhman,15

" Biz insanı quru və qoxumuş torpaqdan yaratdıq. Cinləri də daha əvvəl, dumansız atəşdən yaratdıq."

                Hicr, 26- 27

    Ayədən məlum olduğu kimi Uca Allah cinləri insandan çox- çox əvvəl yaratmışdır. Mənbələrə görə bu zaman məsafəsi iki min ili əhatə edir. Bir cinin ömrünün 700- 1000, bəzən də 1400 olduğu söylənilir. Bir cin balasının südəmər dövrü 40 il çəkir.
    Cinlər atəşdən yaransa da atəş olaraq qalmadı. Eynilə insan övladının torpaq olaraq yaransa da torpaq olaraq qalmadığı kimi. Diqqət ediləsi məsələ budur ki, əgər cinlər yarandığı mahiyyətdə qalsa, onda cəhənnəm odu onu necə yandırar. Axı, o, özü oddan yaranıb.

  " Sizdən əvvəl gəlib- getmiş cin və insan tayfaları ilə birlikdə atəşin içinə girin."

               Əraf, 38

    Gözə görünə bilinmədiyindən insan onu  nə görə, nə eşidə bilir. Yalnız Peyğəmbərlər və vəlilərdən başqa. Lakin cin insanı həm görə, həm eşidə bilir. Çünki, Uca Yaradan  insi, yəni insanı gözə görünən xəlq edib.
     İslami rəvayətlərə görə yemək yeyərkən "bismillah"la başlamasan cinlər də yeməyə ortaq olur. Unudub sonra yadına düşsə, gərək " əvvəldən axıradək bismillah olsun" deyəsən. Bu zaman yeməyinə ortaq olan cin yeməyini qaytarır. Əks halda yeməkdən doymarsan. Yatarkən Allahın adını çəkməsən cin şeytanlar qulağını sidikləyər. O zaman insan sübh namazında yatıb qalar. Əhli sünnə mənbələrində bu mövzuda müxtəlif şəkildə nəql edilmiş rəvayətlər var ki, Həzrət Mühəmməd (s.ə.a.s.) buyurub: " İnsan yuxuya gedən zaman şeytan tək ayağını qaldırıb onun qulağına bövl edər." Burada bövl etməkdə ( sidikləməkdə) məqsəd namaz qılmaması üçün şeytanın insanın  qulaqlarına ağırlıq verməsidir.
    Cinlərin də gözü, qulağı, əli- ayağı var.

  " Doğrudan da biz cin və insanların çoxunu ( sanki) cəhənnəm üçün yaratmışıq. Çünki, onların qəlbləri var, amma onunla ( həqiqətləri ) dərk etmirlər, onların gözləri var, lakin onunla ( ibrət üçün ) baxmırlar və onların qulaqları var, amma onunla ( haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə də ( onlardan) daha azğındırlar və onlar həmin qafillərdir."

            Əraf, 179

     İslami mənbələrdə cinin gözünün qırmızı, qara, mavi, bəzən də bal rəngdə ellipsvari olduğu, qulaqlarının isə xırda  tüklərlə örtülü halda at, pişik qulağına bənzədiyi bildirilir. Burunu yuvarlaq olaraq üzünün ortasında yerləşir. Seyrək saçları var, müsəlman cinlərin saqqalı da olur. Uzun qollu, uzun dırnaqlı, ayaqlarının ön hissəsi geniş və ayaq barmaqları qıllarla örtülü olur. Cinin sümükləri əzələsinə nisbətən böyükdür. Lakin, rahat və cəld hərəkət edir. Daxili orqanları kiçikdir. Mədə- bağırsaq və ifrazat orqanları insanın orqanı kimi xarıcə açılır.Lakin, cinin ifrazatı kəsafətsiz, şiddətli və buxar kimidir. Kiçik ifrazatı da fışqıran buxar şəklindəddir. Ətdən dili, uzun və böyük dişləri olur. Dəriləri incə, bədənə yapışmış və az tüklü olur.Dəri rəngi müxtəlif olur.Rəngbərəng paltarlar geyinirlər. Müsəlman qadın cin örtüklü olur. Cinlər ayaqlarına papirusdan ayaqqabı geyinirlər.
    Quran ayələrində insan kimi cinin də mükəlləfiyyətli bir varlıq olması təqdim edilir.

   " Cin və insanları yalnız mənə ibadət etmələri üçün yaratmışam."

           Zariyat, 56


    Cin ibadət etməli olduğundan Qiyamət günündə  insanlar kimi haqq- hesab çəkmək üçün məhşərə gətiriləcək.

   " Ey insan və cin dəstələri! Tezliklə sizin  (əməllərinizin hesabı ilə)lə məşğul olacağıq."

         Rəhman,31

  Belə çıxır ki, onların da imanlı və imansızı var. İmanlı cinlər əməlindən mükafat cənnəti, imansızlar cəhənnəmi qazanacaqlar.

   " ( Allah, yaxud həmin mələk deyəcək) : " Siz də, sizdən qabaq ( gəlib) keçmiş cin və ins(an) ümmətləri  içərisində oda daxil olun." Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət, orada hamısı bir- birinə qovuşan zaman  sonrakılar ( tabe olmuş dəstə) əvvəlkilər ( rəhbərlər) barəsində deyərlər : " Ey Rəbbimiz! Bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat cəhənnəm əzabı ver." Allah buyuracaq : " Hər  biriniz üçün ikiqatdır və lakin, siz bilmirsiniz."

          Əraf, 38


 " Sənin Rəbbinin rəhm etdiyi ( iman və bilik qismət etdiyi)  kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin "şübhəsiz, cəhənnəmi (azğın ) cin və insanlarla büsbütün dolduracağam" kəlməsi (əzəldən ) qəti və tamam olmuşdur."

        Hud, 119

  Əgər söhbət imandan gedirsə bu cinləri Allaha ibadət etmək üçün tövhidə dəvət edib imanın əsasları ilə tanış etmək üçün gərək peyğəmbər olsun. Bunu Quran belə açıqlayır :

( Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki,) :  " Ey cin və ins(an)  tayfası, məgər, sizə özünüzdən Mənim ayələrimi (təkrar- təkrar) sizə oxuyan və sizi bu günkü görüşümüzdən də qorxudan peyğəmbərlər gəlmədi ?" Deyərlər : " Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular) ." Dünya həyatı onları aldatdı və ( buna görə də) özlərinin əleyhinə şəhadət verərlər ki, kafir olublar."

           Ənam, 130

    Bu peyğəmbərlərin cinlərin özündən, yoxsa insandan olduğu sualına gəlincə görkəmli müfəssir Ə. Təbatəbai " Əl Mizan" təfsir kitabında bu ayədə peyğəmbərin cindən, yaxud insandan olduğunun dəqiq açıqlanmadığını bildirir. 
   Lakin, Qurani Kərim Süleyman peyğəmbəri təqdim edərkən onun cinlərin dilini bildiyini, ümumiyyətlə cinlərin onun əmrində olduğunu xəbər verir.

   "... Cin tayfasından elələri də var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq."

           Səba, 12

 " Onlar onun ( Süleyman ) üçün istədiyi hər bir şeyi- möhkəm qəsrlər ( yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər..."

         Səba,13

   İslam dini bəşəriyyətə sonuncu kamil din, peyğəmbəri Həzrət Mühəmməd (s.ə.a.s.) sonuncu peyğəmbər olaraq göndərildi. Hidayət və rəhmət olaraq Qurani Kərim nazil edildi. Müqəddəs kitabımız cinlərin də ona və Həzrət Mühəmmədə (s.) iman gətirdiyini xəbər verir.

 " ( Ya Peyğəmbər!) De: " Mənə vəhy olundu ki, cinlərdən bir dəstə ( Quranı məndən ) eşidib: " Doğrudan da biz xarüqə bir Quran eşitdik- dedilər."    

          Cin,1

" O, doğru yola yönəldir. Biz ona iman gətirdik və biz heç kimi Rəbbimizə əsla şərik qoşmarıq."

         Cin,2

" Həqiqətən, biz hidayət (kitabını ) eşitdiyimiz zaman ona iman gətirdik.Kim Rəbbinə iman gətirsə; nə 
(əcrinin) azalmasından qorxar, nə də haqsızlıqdan."

        Cin,13

"Şübhəsiz ki, bizdən müsəlman olan da var, bizdən yoldan çıxan da vardır; müsəlman olanlar hidayət tapanlardırlar."
" Və lakin yoldan azanlar cəhənnəmə odun olacaqlar"

         Cin, 14-15

" " Allahın bəndəsi" ( " Mühəmməd ") Ona ibadət etmək üçün qalxdığı zaman , onun başı üstdə, az qala bir- birinin üstünə töküləcəklər. "

         Cin, 19

" Həqiqətən, bizdən əməli saleh olan da vardır, əməli saleh olmayan da. Biz müxtəlif firqələrə ayrılmışıq."
   
         Cin,11  

Mənbələrdə iman gətirmiş cinlərin islamın müxtəlif məzhəblərinə ayrıldığı da xəbər verilir.
Əvvəldə söylədiyimiz kimi bir cinin ömrünün 700-1000, bəzən də 1400 il olduğu göstərilir. Sonunda onlar da ölümə məhkum olunurlar.Əhməd ibn Hənbəl  " Müsnəd" kitabında Həzrət Mühəmməddən (s.) hədis nəql edir: " Sən elə bir Həyysən ki, əsla ölməzsən. Halbuki, cin və insanlar ölürlər."

( Davamı var)