Bu Blogda Ara

13 Ekim 2016 Perşembe

Ye çörəyini, de: əlhəmdülillah.


Deyirəm bu dindarlar da qəribədir. Hay- harayları, qışqırıqları əskik olmur. Fürsət gəzirlər şuluqluq salmağa. Həmişə narazıdırlar. Ay balam, bu qədər naşükürlük olar. Bir bunlardan soruşan gərəkdir, ay dindar oğlu dindar, sənin yeməyin əskikdir, yoxsa içməyin. Yox- yox, onu demirəm.  Deyirəm yəni, susayanda bir çaynik pürrəngi çay tapmırsan? Mat- mat nə baxırsan ? Yayda sərinliyin, qışda istiliyin yoxdur? İldə bir dəfə məcburi tibbi müayinən, xəstələnəndə müalıcən, sanatoriyan yoxdur? Bəlkə, işsiz- gücsüz, avara- avara küçələrdə gəzirsən. Yoxsa, aclıq səni o qədər üzüb ki, danışmağa, bir "hə"dən," yox"dan deməyə taqətin yoxdur. Niyə qoymursan ağsaqqalları rahat nəfəs almağa. Bu binəvaların nə günahı var. Bu qədər sənin üçün çalışıb çabalayırlar, gün- güzəran düzüb- qoşurlar elə hey, cırıldayırsan. O gün də qardaşların gedib girib kilsəyə. Niyə qalxıb demirsən, ay qardaş, sənin bu urusun ibadətgahında nə işin var? Namaz qılmağa yer qəhətdir? Nə dedin? Vay olub sənə. Ay fillan- filan olmuş bala, sən gərək Aşurada məscidə gedəsən. Ay bala, dədən- baban  məscid görmüşdü? Dünənə qədər küncdə- bucaqda sinə vurmurdu? Bir də ki, belə hünərlisən  lap, elə gedəydin də məscidə. Gərək xan Cavadın abrını aparaydın. Nə tez unutdun qəhrəmanını. Urusun önündə son nəfəsinə qədər döyüşdü. Sonda da o nadürüstlərin gülləsinə tuş oldu. Sən də getdin urusa sığındın. Axı, bu Gəncə şefinin nə günahı var ki, onu biabır eləyirsən. Bu dediyim yazığın, axı, dindən nə xəbəri. O gün ki, məscidə ayaqqabı ilə girmişdi, gərək, sənin məscidinin şef mollası ona deyəydi ki, atam- qərdeşim, ayaqqabını çıxar. İndi ki, mollan ağzına iris alıb sorur, onda daha kişinin nə suçu. Öyrədən olmadı. İndi xəbərin kilsədən gəlir. Barı rahat qıla bildinmi namazını ? Çaşıb kişilərə qarğış zad edəsiniz ha. Yazıqdırlar. Hərəsinin bir çətən külfəti var. Aylıq maaşla bir təhər günlərini keçirirlər. İstirahət etməyə, otdıxa zada getməyə heç vaxtları da yoxdur. Bodrum, Antalya onlar üçün bir röyadır. Sənin də ki, səsin  bir gün Məkkədən gəlir, bir gün də Berlindən. London, Nyu- York ayağının altında toz olub. Ay bala, o Obama kişini barı gedib ziyarət edəydin dənə. Deyərdin ki, ay Obama kişi, sən atan Hüseynin canına, bir bizimkilərə zəng elə, biz də şəhid imamımıza rahat ağlayaq. Nə qədər olmasa da adını daşıyır. İndi ki, hər şey tanışlıqladır. Deyəydin ki, özünü bicliyə qoyma. Bilirəm nə var, nə yox. Eh, ay dindar bala, bu dünya belə gəlib, belə də gedəcək. Heç kefini pozma. Gələn Aşurada gördün o yan, bu yandır, tay- tuşlarını, məsləkdaşlarını yığarsan başına, zakrıtı skalp qruppa açarsan. Hərə öz evində- eşiyində, bir- birinizdən ilham ala- ala əza saxlayarsınız. Bayraqdı, şüardı, ürəyiniz nə istəyir asarsınız  divarlarınızdan. Əşşi, niyə zakrıtı olur, lap elə otkrıtı olsun. İkisi də sərf eləyir. İşdi zakrıtı ola, ağsaqqallar narahat olacaq qəfil səssizlikdən. Nə qədər olmasa da açıq- aşkara göz önündə olanda bilirdilər nə var, nə yox. Məsələdən tez hali olub, tezcə də plan cızırdılar. Qapalılıq qaranlıq gətirər onlara. Yox, əgər, otkrıtı skalp qruppa yaratsanız üzvləriniz lap çoxalar. Evdə uşaq saxlayan kim, iş başında olan kim, xəstəxana, səfər və sairə eşidən- bilən qoşular. Bunların hamısını öz ətrafınızda cəm edərsiniz. Bu da ağsaqqallara sərf etməz. Bir də baxıb görərlər ki, qonum- qonşuda, qohum- əqrabada adam qalmayıb, hamısı otkrıtı skalp qruppanın üzvüdür. Binəvalar özləri tək qalıb. Bu da onların işinə yaramaz. Urus demişkən, luçşe elə məscidə getsinlər. Deyəsən, çox uzatdım. Hə, a bala, harada qaldım? Yadıma düşdü. Onu deyirdim ee :" Ye çörəyini, de əlhəmdülillah. Dünyanın dərdi sənəmi qalıb? "       

3 Ekim 2016 Pazartesi

Yanğı


    Bu da Məhərrəm.Sanki dünən yola salmışdıq. Günlər quş qanadında gəlib keçir elə bil. Ayların içərisində qırmızılı- qaralı xətlə keçən bu ayın özünəməxsus əzəməti var. Aşura gününün Kərbəla vaqeəsi kimi əsrlərlə yaddaşlarda qalan və islam tarixində silinməyən və silinə bilməyən Hz. Rəsulullahın (s.) nəvəsi imam Hüseyn (ə.) və yaxınlarının qətli ilə bağlıdır bu. Zülmə, haqsızlığa "yox" deyən və qiyam edərək ayağa qalxan o həzrətin  etiraz səsi bu günümüzə qədər gəlib çatır. "Aşura məktəbi" deyilən bir məktəb qoydu o həzrət. Bu məktəbin həm öyrəncisi, həm də dinləyicisi olub hər zaman. Bütün hallarda onlar haqq aşıqləridir. Lakin aşiqlikdən əlavə, bunu həqiqi mənada həyatında yaşadanlar da olub həmişə. Onlardır məhz, öyrəncilər. Hz. Hüseynin (ə.) vilayətinə daxil olanlar. Vilayət- onların imamlığını qəbul edib, eyni zamanda onun ayağının izinə ayağını qoymaqdır. Onlar boş- boşuna "Ləbbeyk" deməz. "Ləbbeyk" onlara tabe olar. Zülmə, haqsızlığa etiraz etdikləri qədər, özləri də zülmdən, haqsızlıqdan uzaq olar. Yanarlar imam Hüseyn (ə.) sevgisindən. Bu yanğı onları əridər, kiçildər. Kimisə məzlum etməyə taqətləri olmaz. Əksinə, məzlumun yanında durarlar. "Məndən keçdi, qardaşıma dəydi" deyimi , haləti onlardan uzaq olar. Hər zaman ayıq olarlar, şeytan onlardan qaçaq olar. Zalım hakimlərin, qulluqda duranların da qorxusu onlardan olar. Çünki, onlar sözlərində və əməllərində ciddidirlər. Buna görə həmişə təhlükədirlər. Onlar isə azdır. Kərbəlanın qəhrəmanları kimi. Daş altda qalan köz kimidirlər. Və bir gün tarix onların alovlandığını görəcək. Necə ki, Kərbəlada gördü. Bu alov mütləq, mütləq qalxacaq. Uzun zamanın yanğı həsrəti bərk yandırar...    

21 Eylül 2016 Çarşamba

Sevgi


     O, onu xəlq edənin sevdiyi hər şeyi və hər kəsi sevirdi. Sevgi onun ruhunda idi. Məzluma olan mərhəməti də sevgisindən doğurdu, yetimə, dula, kora, xülasə, hər cür fəqir- füqəraya olan lütf- ehsanı da. Səcdədə ağlamağı, zikr zamanı bayılmağı, rukudakı üzük ehsanı belə sevgisindən idi. Müharibələrdə kafir qarşısında nə qədər çılğın və döyüşkən idisə də, adi həyatda mehriban və sakit idi. Hətta cahilə də mərhəmətli idi. Çünki, cahilin məhz, cahil olduğuna görə mərhəmətə ehtiyacı oluğunu  başa düşürdü. Qəlbi- ruhu mehr- məhəbbətlə yoğrulmuşdu. Müsəlmanların vəhdətdə olması üçün, islamın və islam xilafətinin qorunub saxlanılması üçün haqqından belə keçdi. Çünki, onu sevməyənlərə belə mərhəməti vardı. Dünyanın qəribə, çox qəribə işləri olur bəzən. Bütün varlığı ilə xidmət etdiyi, qoruduğu din məhz, sevgi üstündə tənəzzülə uğradı. Özü də məhz, ona olan sevgiyə görə. Sevənləri ayrıldı onu sevməyənlərdən, yoxsa, əksinə sevməyənlərmi ayrıldı onu sevənlərdən. Hər halda bu oldu. Bilsəydi bu qədər ayrılıqlar, parçalanmalar, qan- qadalar olacaq elə sağlığında "sevməyin məni, amma, bir olun, birgə olun" deyərdi. Qəlbi o qədər böyük idi ki. Ölümündən sonra nələr, nələr oldu. Sevdiyi ümmət sevgidən məhrum oldu. Bu məhrumiyyət çox geri saldı müsəlmanları. Sevgisizlik o qədər dərinləşdi ki, mərhəmət də unuduldu. Din siyasətə, şan- şöhrətə, ya da biznesə xidmət yollarını tutdu. Eyni məscid tavanı altında ibadət edənlər onu  "sevdilər", amma bir- birilərini sevmədilər. Onu sevənləri sevməmək elə onun özünü sevməməkdir. Onu incitməkdir, küsdürməkdir. O isə, bunu haqq etmədi. Haqqını özünə verin. Nədən elə hey, hər kəs onun haqqını kəsir. Din nə xobbidir, nə məşğuliyyət. Nə siyasi cərəyan, nə də biznes. Şan- şöhrətə də xidmət etmir. Din- Uca Tanrının qoyduğu yoldur bizlərə. Mərhəmətlə, sevgi ilə elə mərhəmətin, sevginin özünə qovuşmaq üçün. 
    Bu, Peyğəmbər (s.) canişininin qoruduğu yoldur. Bu, Əlinin (ə.) yoludur.  

Gəlin Quran öyrənək. Dərs 11. Huməzə surəsi

Kəmalə Zeynəbinur- Zəhra Mahmudzadə
Huməzə surəsinin tədrisi