Bu Blogda Ara

29 Temmuz 2016 Cuma

İnsanın xilqət fəlsəfəsi

  Qurani Kərim insanın xilqətini iki istiqamətdə təqdim edir. İsa peyğəmbərin doğumunu istisna hal kimi nəzərə alsaq, bu təqdimat belədir: Birinci, yer üzərində ilk insanın torpaqdan yaradılışı ki, bu da Adəm, sonra da Həvvanın nümunəsi oldu. Sonrakı mərhələlərdə isə insanın xilqətinin  cütləşmşə yolu ilə yaradılışıdır. Bu, Allahın istək və iradəsinə uyğun olaraq nizam- intizam qanununa əsasən yaranır. Bu mövzunu Qurani Kərim belə təqdim edir: " Biz sizi laxtalanmış qandan yaratdıq" Ələq surəsi, 2; " Həqiqətən biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən ( nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən ,tam bir şəklə düşmüş ( vaxtında doğulmuş), və düşməmiş ( vaxtından əvvəl doğulmamış) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək" Həcc surəsi, 5.
  Rəbbi insanı Özü üçün yaratdığını bəyan etdi. Əvəzində dünyanı verdi ona. Dünya və insan. Heç yola getmədi dünya insanla. Ya da insan heç vaxt dünyanın kələfini çözüb aça bilmədi. İnsan öz bəşər tarixini müharibələrlə daim zənginləşdirdi. Dünya durduqca baş verən bu davamlı müharibələrin hədəfi torpaq əldə etməkdir. Yarandığı maddəyə xüsusi ehtirası var insanın. Bunun uğrunda da qurbanlar verir. Bu qurbanların özü qanla başa gəlir. O qan ki, elə torpağa tökülür, qarışır. Heyfslənmir də insan. Çünki elə torpaqdan da yaranıb axı. Torpaq, qan, insan. Torpaq və qan insan ruhunda, həyatında elə bil çəkişir də hakimiyyət qazanmaq üçün. Bu çəkişmənin qalibi də torpaq olur. Çünki əzəldən, ta insanın xilqətindən insan həyatında əsas rolu torpaq oynadı. Daha qədimdir torpaq. Qocadır. Amma ulu deyil. Çünki uğrunda nahaq qanlar tökülür. Bəşərin göz yaşını axıdır torpaq. Əsrlərin göz yaşı yığılsa dərya olar. Dərya ilə torpağın nə əlaqəsi. Bəlkə də Nuhun tufanının intiqamıdır bu. Su altda qərq oldu o zaman torpaq. Kiçildi elə bil. Bu kiçikliyin səbəbini insanda gördü. Ona görə insan həyatı göz yaşı olmadan ötüşmür. Torpaq, qan, su və insan. Kimdir zalım, kimdir məzlum. İslam ehkamında qan nəcasətdən, torpaq, su paklayıcıdan sayılar. Torpaq öldükdə qoynuna aldığı insanı suda paklanmış qəbul edər.Özü paklayıcı olsa da. Yenidən torpağa qayıdar insan. Yarandığı torpağa. Damarlarında donub laxtalanmış qanı qalar. Zaman- zaman itər, sönər, zərrə olub torpaq olar. Təkcə ruhu qalar. Görəsən bu ruh İsa peyğəmbərin doğumunda Məryəm anaya üfürülən həmin ruhdurmu. 
  " Ya Rəsulum! Səndən ruh haqqında soruşarlar. De: Ruh Rəbbimin əmrindədir ( Onun əmri ilə yaradılımışdır). Sizə bu barədə yalnız cüzi bir bilik verilmişdir" ".İsra surəsi, 85.    

                                             

23 Temmuz 2016 Cumartesi

Əncir ağacının sirri

   Çoxları el arasında " əncir ağacı altında yatma, cin vurar" , " əncir yarpaqları cin əlidir " kimi ifadələri yəqin ki, eşitməmiş olmaz.El dilindən süzülüb gələn bu ifadələrin həqiqəti budur ki, əncir yarpağı gündüz vaxtı havadan karbon qazını udub oksigen buraxır, gecə isə insan  tənəffüsü üçün zəruri olan oksigeni udub karbon qazını buraxır.Buna görə də gecə vaxtı kimsə əncir ağacı altında yatarsa, hava çatmamazlığından boğular. Camaat arasında gəzən " filankəsi əncir altda cin vurdu" kimi ifadələrin nə dini, nə də elmi əsası var.
  Qurani Kərimin Tin surəsinin birinci ayəsində Pərvərdigar " And olsun əncirə və zeytuna" deyərək and içir.
  Əncir meyvəsinin insan orqanizmində ürək, qan - damar, dəri, mədə - bağırsaq xəstəliklərində faydası var.
  Əncir yarpağından boğaz şişkinliyində, qurudulmuş halda isə qan təzyiqini endirən vasitə kimi qədim təbabətdə  istifadə olunur.        


  

       
     

20 Temmuz 2016 Çarşamba

İlahi rəhmət

   İlahi rəhmətdən danışmaq istəyirəm. Elə bir rəhmət ki, İbrahimi Nəmrudun odundan qorudu.Ciyərparəsi İsmayılla sınağa çəkərək böyük bir şəcərə ilə mükafatlandırdı. İlahi rəhmət Yusifi hər cür təhlükələrdən, fitnədən  qoruyaraq zindanda nicat verdi. Bəli, heç təəccüblənməyin. Məhz, zindanda. Soruşacaqsınız niyə zindanda ? Çünki, zindan Yusif üçün azadlıq və rahatlıq məkanı idi. Yenə təəccüblənəcəksiniz. Zindanda azadlıq və rahatlıq nə gəzir ? Bax, burada səhv etdiniz. Mən mənəvi - ruhi rahatlıqdan danışıram.Ruhun rahatlığı elə cismin rahatlığı deyilmi ? Azadlıq, asudəlik də elə o zaman yaranır.İlahi Əyyubu da unutmadı. Öz xəzinəsindən ona səbr əta edərək böyük bir rəhmətə qovuşdurdu. Hz. Musanı unutmaqmı olar ? Hələ ana bətnində ikən qovuşdu o, ilahi rəhmətə. Dünyaya gəlişi ilahinin qüdrətini sübut etdi. Bütün həyatı boyu ilahi rəhmətdən kənarda qalmadı. Bəs, Hz. İsa ? Möcüzəli doğumu ilə bəşəri təəccübləndirdi. Anası behişt xanımı Hz. Məryəm Pərvərdigarın sevimli bəndəsi idi.Bu şərəf ona Rəbbindən verilmişdi. Hz. İsanın da şərəfli ömür yolundan rəhmət yağışı heç zaman əskik olmadı. Sevimli islam peyğəmbəri Hz. Muhəmməd ( s).  Doğumu ilə nur saçdı aləmə. Uşaq yaşlarında həyatında qəm- kədər olsa da ilahi rəhmət ondan da əskik olmadı.Hələ peyğəmbərliyinin ilk illərində təhlükələrlə, hiylə, fitnə - fəsadla üzləşdi. Amma Rəbbi onu tək qoymadı. Mübarək qəlbinə aramlıq verdi, onu müxaliflərinə qalib etdi. Bərəkətli ömrünü öz Rəbbinə həsr etdi sevgili Peyğəmbər (s.). Mükafatı rəhmət oldu.
  Onlar birmi- ikimi ? Adəmdən Xatəmədək, Xatəmdən Sahibəzzamanadək, Sahibəzzamandan bu günədək.İlahi həyatını Ona həsr edənləri heç vaxt nəzərdən qoymur. Xüsusi diqqəti olar onlara. Rəhmət yağışını çiləyər sevib seçdiklərinə.