Deyirəm bu dindarlar da qəribədir. Hay- harayları, qışqırıqları əskik olmur. Fürsət gəzirlər şuluqluq salmağa. Həmişə narazıdırlar. Ay balam, bu qədər naşükürlük olar. Bir bunlardan soruşan gərəkdir, ay dindar oğlu dindar, sənin yeməyin əskikdir, yoxsa içməyin. Yox- yox, onu demirəm. Deyirəm yəni, susayanda bir çaynik pürrəngi çay tapmırsan? Mat- mat nə baxırsan ? Yayda sərinliyin, qışda istiliyin yoxdur? İldə bir dəfə məcburi tibbi müayinən, xəstələnəndə müalıcən, sanatoriyan yoxdur? Bəlkə, işsiz- gücsüz, avara- avara küçələrdə gəzirsən. Yoxsa, aclıq səni o qədər üzüb ki, danışmağa, bir "hə"dən," yox"dan deməyə taqətin yoxdur. Niyə qoymursan ağsaqqalları rahat nəfəs almağa. Bu binəvaların nə günahı var. Bu qədər sənin üçün çalışıb çabalayırlar, gün- güzəran düzüb- qoşurlar elə hey, cırıldayırsan. O gün də qardaşların gedib girib kilsəyə. Niyə qalxıb demirsən, ay qardaş, sənin bu urusun ibadətgahında nə işin var? Namaz qılmağa yer qəhətdir? Nə dedin? Vay olub sənə. Ay fillan- filan olmuş bala, sən gərək Aşurada məscidə gedəsən. Ay bala, dədən- baban məscid görmüşdü? Dünənə qədər küncdə- bucaqda sinə vurmurdu? Bir də ki, belə hünərlisən lap, elə gedəydin də məscidə. Gərək xan Cavadın abrını aparaydın. Nə tez unutdun qəhrəmanını. Urusun önündə son nəfəsinə qədər döyüşdü. Sonda da o nadürüstlərin gülləsinə tuş oldu. Sən də getdin urusa sığındın. Axı, bu Gəncə şefinin nə günahı var ki, onu biabır eləyirsən. Bu dediyim yazığın, axı, dindən nə xəbəri. O gün ki, məscidə ayaqqabı ilə girmişdi, gərək, sənin məscidinin şef mollası ona deyəydi ki, atam- qərdeşim, ayaqqabını çıxar. İndi ki, mollan ağzına iris alıb sorur, onda daha kişinin nə suçu. Öyrədən olmadı. İndi xəbərin kilsədən gəlir. Barı rahat qıla bildinmi namazını ? Çaşıb kişilərə qarğış zad edəsiniz ha. Yazıqdırlar. Hərəsinin bir çətən külfəti var. Aylıq maaşla bir təhər günlərini keçirirlər. İstirahət etməyə, otdıxa zada getməyə heç vaxtları da yoxdur. Bodrum, Antalya onlar üçün bir röyadır. Sənin də ki, səsin bir gün Məkkədən gəlir, bir gün də Berlindən. London, Nyu- York ayağının altında toz olub. Ay bala, o Obama kişini barı gedib ziyarət edəydin dənə. Deyərdin ki, ay Obama kişi, sən atan Hüseynin canına, bir bizimkilərə zəng elə, biz də şəhid imamımıza rahat ağlayaq. Nə qədər olmasa da adını daşıyır. İndi ki, hər şey tanışlıqladır. Deyəydin ki, özünü bicliyə qoyma. Bilirəm nə var, nə yox. Eh, ay dindar bala, bu dünya belə gəlib, belə də gedəcək. Heç kefini pozma. Gələn Aşurada gördün o yan, bu yandır, tay- tuşlarını, məsləkdaşlarını yığarsan başına, zakrıtı skalp qruppa açarsan. Hərə öz evində- eşiyində, bir- birinizdən ilham ala- ala əza saxlayarsınız. Bayraqdı, şüardı, ürəyiniz nə istəyir asarsınız divarlarınızdan. Əşşi, niyə zakrıtı olur, lap elə otkrıtı olsun. İkisi də sərf eləyir. İşdi zakrıtı ola, ağsaqqallar narahat olacaq qəfil səssizlikdən. Nə qədər olmasa da açıq- aşkara göz önündə olanda bilirdilər nə var, nə yox. Məsələdən tez hali olub, tezcə də plan cızırdılar. Qapalılıq qaranlıq gətirər onlara. Yox, əgər, otkrıtı skalp qruppa yaratsanız üzvləriniz lap çoxalar. Evdə uşaq saxlayan kim, iş başında olan kim, xəstəxana, səfər və sairə eşidən- bilən qoşular. Bunların hamısını öz ətrafınızda cəm edərsiniz. Bu da ağsaqqallara sərf etməz. Bir də baxıb görərlər ki, qonum- qonşuda, qohum- əqrabada adam qalmayıb, hamısı otkrıtı skalp qruppanın üzvüdür. Binəvalar özləri tək qalıb. Bu da onların işinə yaramaz. Urus demişkən, luçşe elə məscidə getsinlər. Deyəsən, çox uzatdım. Hə, a bala, harada qaldım? Yadıma düşdü. Onu deyirdim ee :" Ye çörəyini, de əlhəmdülillah. Dünyanın dərdi sənəmi qalıb? "