Bu Blogda Ara

24 Temmuz 2016 Pazar

23 Temmuz 2016 Cumartesi

Əncir ağacının sirri

   Çoxları el arasında " əncir ağacı altında yatma, cin vurar" , " əncir yarpaqları cin əlidir " kimi ifadələri yəqin ki, eşitməmiş olmaz.El dilindən süzülüb gələn bu ifadələrin həqiqəti budur ki, əncir yarpağı gündüz vaxtı havadan karbon qazını udub oksigen buraxır, gecə isə insan  tənəffüsü üçün zəruri olan oksigeni udub karbon qazını buraxır.Buna görə də gecə vaxtı kimsə əncir ağacı altında yatarsa, hava çatmamazlığından boğular. Camaat arasında gəzən " filankəsi əncir altda cin vurdu" kimi ifadələrin nə dini, nə də elmi əsası var.
  Qurani Kərimin Tin surəsinin birinci ayəsində Pərvərdigar " And olsun əncirə və zeytuna" deyərək and içir.
  Əncir meyvəsinin insan orqanizmində ürək, qan - damar, dəri, mədə - bağırsaq xəstəliklərində faydası var.
  Əncir yarpağından boğaz şişkinliyində, qurudulmuş halda isə qan təzyiqini endirən vasitə kimi qədim təbabətdə  istifadə olunur.        


  

       
     

20 Temmuz 2016 Çarşamba

İlahi rəhmət

   İlahi rəhmətdən danışmaq istəyirəm. Elə bir rəhmət ki, İbrahimi Nəmrudun odundan qorudu.Ciyərparəsi İsmayılla sınağa çəkərək böyük bir şəcərə ilə mükafatlandırdı. İlahi rəhmət Yusifi hər cür təhlükələrdən, fitnədən  qoruyaraq zindanda nicat verdi. Bəli, heç təəccüblənməyin. Məhz, zindanda. Soruşacaqsınız niyə zindanda ? Çünki, zindan Yusif üçün azadlıq və rahatlıq məkanı idi. Yenə təəccüblənəcəksiniz. Zindanda azadlıq və rahatlıq nə gəzir ? Bax, burada səhv etdiniz. Mən mənəvi - ruhi rahatlıqdan danışıram.Ruhun rahatlığı elə cismin rahatlığı deyilmi ? Azadlıq, asudəlik də elə o zaman yaranır.İlahi Əyyubu da unutmadı. Öz xəzinəsindən ona səbr əta edərək böyük bir rəhmətə qovuşdurdu. Hz. Musanı unutmaqmı olar ? Hələ ana bətnində ikən qovuşdu o, ilahi rəhmətə. Dünyaya gəlişi ilahinin qüdrətini sübut etdi. Bütün həyatı boyu ilahi rəhmətdən kənarda qalmadı. Bəs, Hz. İsa ? Möcüzəli doğumu ilə bəşəri təəccübləndirdi. Anası behişt xanımı Hz. Məryəm Pərvərdigarın sevimli bəndəsi idi.Bu şərəf ona Rəbbindən verilmişdi. Hz. İsanın da şərəfli ömür yolundan rəhmət yağışı heç zaman əskik olmadı. Sevimli islam peyğəmbəri Hz. Muhəmməd ( s).  Doğumu ilə nur saçdı aləmə. Uşaq yaşlarında həyatında qəm- kədər olsa da ilahi rəhmət ondan da əskik olmadı.Hələ peyğəmbərliyinin ilk illərində təhlükələrlə, hiylə, fitnə - fəsadla üzləşdi. Amma Rəbbi onu tək qoymadı. Mübarək qəlbinə aramlıq verdi, onu müxaliflərinə qalib etdi. Bərəkətli ömrünü öz Rəbbinə həsr etdi sevgili Peyğəmbər (s.). Mükafatı rəhmət oldu.
  Onlar birmi- ikimi ? Adəmdən Xatəmədək, Xatəmdən Sahibəzzamanadək, Sahibəzzamandan bu günədək.İlahi həyatını Ona həsr edənləri heç vaxt nəzərdən qoymur. Xüsusi diqqəti olar onlara. Rəhmət yağışını çiləyər sevib seçdiklərinə.  






7 Temmuz 2016 Perşembe

Şikayət ( publisistik hekayə)

 Məscidin həyətinə daxil olanda rahatlıqla nəfəs aldı.Mobil telefonunun işıqlanma düyməsini basaraq saata bir daha nəzər saldı.Azan vaxtına lap az qalmışdı.Başını qaldırdı.Sevgi dolu baxışlarla məscidi seyr etdi.Elə bu dəm gözləri ətrafı yaşıllıqlarla dolu çarhovuza ilişdi.Qəribədir.İndiyə qədər heç bu çarhovuza diqqət etməmişdi.Bəlkə, heç vaxt fəvvarəsi işləmədiyindən və çarhovuzun həmişə susuz olmağından idi bu.Təəccübləndi.Əgər istifadə olunmursa, bunu niyə tikiblər? Elə bu dəm azan səsi ətrafı bürüdü. Bir an ayaq saxladı. İnsan ruhunu titrədən ecazkar səsin sehrinə dalıb dinləməyə başladı. İlk dəfə məscidə gəldiyi günü xatırladı.
  Həmid kişinin ailəsi 1987- ci ildə Ermənistan SSR- dən deportasiya olunan azərbaycanlı ailələrdən biri idi. Oğlu Taleh 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdu.Yeganə oğlunun ölüm xəbəri belini bükmüşdü kişinin. Həyat yoldaşı Nargilə elə o zamandan büründü qara yaylığa.Oğlunun qəfil ölümünə dözə bilmirdi ana.Elə o zamandan ömrünə- gününə qara örtük çəkildi Həmid kişinin.Yurd həsrəti az imiş ki, oğul dağı da gəldi bu dərdin üstünə.Tez- tez ürək ağrısından narahat olurdu. Dərdini heç kimlə bölüşmürdü. Son vaxtlar qaraqabaq olmuşdu elə bil. Heç deyib- gülməli bir şey də yox idi. Min bir naz- nemətli Azərbaycanın rayon və kəndləri bir- bir erməni silahlıları tərəfindən işğal olunurdu. Qəbiristanlıqlar dağıdılır, əsir düşən qız- gəlinlər, uşaq və qocalar naməlum istiqamətə aparılırdı. Lap alman faşistlərindən də qəddar idi bu it uşağı. Yaxın günlərdə tükürpədici xəbər çıxmışdı ki, əsirlərin lazımlı sağlam orqanları çıxarılıb Fransaya aparılır.Qara xəbərin ardı- arası kəsilmirdi. Köçkün düşənləri gətirən maşın karvanlarının ardı- arası səngimək bilmirdi. Dolanışıq da çətinləşmişdi. Həmin günlərin birində qonşusunun oğlu onu özü ilə məscidə apardı. Elə o vaxtdan başladı yeni həyat yolu. Uca Yaradan işıq saldı onun ömür- gününə.Onu incidən, rahatlığını əlindən alan dərdini qəlbinin dərinliklərində əbədi dəfn etdi kişi. Elə o vaxtdan azan səsini eşitdikdə qəribə bir hal yaranırdı vücudunda.

                                 Əşhədü ən lə iləhə illəllah,
                                 Əşhədü ənnə Muhəmmədən Rasulullah.

 Xəyaldan ayrıldı. Başını dik qaldırıb yeyin addımlarla məscidin qapısından içəri daxil oldu. Arxa cərgələrin birində özünə yer tapdı.Bir azdan zöhr namazı bitdi.Axund xütbə söyləmək üçün minbərə qalxıb hüznlü səslə söhbətə başldı. İslamın əzəmətli peyğəmbəri Həzrəti Muhəmmədin (s.) şəhadət günü idi. Həmid kişi düqqətini toplayıb qulaq verdi.Bu günkü söhbət Rəsulullaha (s.) həsr edilmişdi. Xəyal  yenidən onu ağuşuna aldı. 
  Böyük səhralıqda toz- duman bir- birinə qarışmış, qılınc səsləri, at kişnərtisi, qışqırıqlar ətrafın sakitliyini pozmuşdu.Sanki qan su yerinə axırdı. Müsəlman ordusu müşrik ordusu ilə qarşı- qarşıya savaşa qalxmış, haqla batil üz- üzə dayanmışdı. Birdən döyüşənlərin arasında üzü nurlu, hündür boylu bir kişi gördü.Rəsulullah (s.) idi. Ətrafında onu nagəhan zərbələrdən qoruyan döyüşçülər də var idi. Bir azdan Allahu Əkbər sədaları asimana ucaldı. Müsəlman ordusu qalib gəlmişdi. Birdən Həmid kişi diksindi. Sevimli Talehini at belində gördü. Qalib cərgənin arasında idi bircəciyi. Gözlərini ovuşdurdu. Onu qara basırdı nədi. Ətrafına baxdı. Hamı diqqətlə xütbə dinləyirdi.
  Bü günkü hadisədən çox təsirləndi Həmid kişi.Yaralarının közü qopmuşdu.İçin- için ağlamaq istədi.Lakin özünü saxladı. Qədim el məsəli yadına düşdü. Kişi ağlamaz axı. Səcdəyə qapandı. Rəbbinə yalvarıb dualar etdi. Bir an beynindən sürətli bir fikir də keçdi. Rəsulullahı (s.) ziyarət etmək qərarına gəldi. Uzun illər təqaüdündən qənaət edib pul da yığmışdı.Görüşə gedirdi Həmid kişi. Şikayəti vardı...   




                                       

5 Temmuz 2016 Salı

İmam Səccad (ə.) -n mübarək Ramazan bayramı üçün etdiyi dua.


İlahi! Bu ayın sona yetməsini, xətalarımızın sona yetməsi qərar ver.Bu ayın qurtarması ilə bizi də günahlardan qurtar.Bu aya xatir bizi bu ayda xoşbəxt, ən çox qisməti olan və ən çox fayda götürənlərdən et.İlahi, bu aya layiqincə riayət edən, hörmətini lazımınca saxlayan,hüdudlarını gözəl şəkildə qoruyan, günahlardan ləyaqətlə pəhriz edən, rəhmətinə və razılığına səbəb olan yaxşı əməllə Sənə yaxınlaşanlara etdiklərindən daha çoxunu qüdrətin sayəsində bizə bəxş et.Çünki fəzlin azalmaq bilməz və xəzinən azalmaz, əksinə çoxalar. Ehsan mədənlərin tükənməz və həqiqətən, Sənin bəxşişin könül sevən bəxşişdir.


 Ramazan bayramınız mübarək olsun !        



                         

2 Temmuz 2016 Cumartesi

Bağışla, peyğəmbərim !






Bir təndir gördüm. Ağzı tıxaclanmış, zərihə salınmış adi bir təndir. Söylədilər sahibi zalım bir adammış.İndi təndir məscid divarları ilə əhatələnmiş. Təəccüb etdim. Zalımın evi məscidəmi dönür? Qəribədir. Sordum təndirdən.
- Söylə, nədir bu hikmət ?
Dedi : " Mən adi bir təndir idim. Məni Hüseynin (ə.) başı mübarək etdi."
Dedim : " Neylədin Hüseynin başın ? "
Dedi : " Bunu ondan soruş." Ətrafa baxdım. Kimdir  "O " ?.
Sorulacaq bir kəs görmədim.Xalılarla döşənmiş məscid də bir nişan vermədi. Üz tutdum Kərbəlaya.
Çağırdım : " Seyyidim. Ya Hüseyn. Ya Hüseyn . "
Bir səda gəlmədi. Başsız bədən danışarmı ? Təlaşlandım. Ümid etdim mövlama.
" Ya Əli. Sən sorğulara cavabsan. Mənə təndirin sirrini aç."
Dedi : " Bunu Peyğəmbərdən (s.) soruş."
Anlaya bilmədiyim bir hiss məni bürüdü. Duruxdum.Sonra özümü toplayıb çağırdım:
" Peyğəmbərim. Peyğəmbərim."
Bir səda gəldi : " İtrətim. İtrətim "
Dedim : " Mən onu görmədim "
Dedi : " Bəs, heç sevdinmi ? "
Dedim: " İstədim. Amma mərifət etmədim "
Dedi : " Bəs.Quranım ."
Dedim : " Xətm etdim."
Ani bir sükut çökdü. Sonra Peyğəmbər (s.) nalə çəkdi :
" Ah ! Əmanətim.Əmanətim."
Qəfil diksindim. Bu röyadan üşəndim.Sonra xəcalətlə  pıçıldadım :
" Bağışla, Peyğəmbərim. Bağışla."